Təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərə və qərarlara hörmətlə yanaşmaq lazımdır
Əfsanə Əkbərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Sosial Xidmətlər Agentliyinin tabeliyində
Hamıya yaxşı məlumdur ki, Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlətdir. Bu nöqteyi-nəzərdən ölkəmiz istər siyasət, iqtisadiyyat, səhiyyə, istərsə də ictimai-sosial və mədəniyyət sahəsində öz fəaliyyətini bu normalar çərçivəsində qurmuş, öz mövqeyində dayanaraq dünya dövlətləri arasında da öz sözünü demişdir və günü-gündən inkişaf etməkdədir. Digər tərəfdən, dövlətimiz həm də tolerantlığı və humanist addımları ilə beynəlxalq aləmdə tanınır və tanınacaqdır.
Günü-gündən inkişaf edən, çiçəklənən suveren və bütöv Azərbaycanın vətəndaşı olaraq hər birimiz vətənimizin sülh və əmin-amanlıq içində gələcəyə doğru addımlaması üçün təkcə fiziki deyil, eləcə də mənfi və təhlükəli ideoloji hücumlara qarşı da daim ayıq-sayıq olmalı, maariflənməli, bu səpkidə verilən qərarlara hörmətlə yanaşmalı, fəaliyyətimizi qanun çərçivəsində qurmalıyıq.
Gələcəyimiz isə gənclərimiz və uşaqlarımızdır; onları formalaşdıran, şəxsiyyət kimi yetişdirən isə təhsilimizdir. Təbii ki, təhsilimizin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlməsi, daha da uğurlu nəticələrin əldə olunması, uşaqlarımızın vətənpərvər, ziyalı şəxsiyyət kimi formalaşması da, bütün digər sahələrdə olduğu kimi, daim dövlət başçımızın diqqət və nəzarətindədir. Bununla yanaşı, bu sahə müəyyən edilmiş qanunlarla tənzimlənir. O cümlədən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərə dair qanun və qərarlara da hörmətlə yanaşmaq lazımdır.
Ən önəmli elm ocağı məktəbdir və bir insanın həqiqi şəxsiyyət və vətəndaş kimi formalaşması məhz buradan başlayır. Ona görə də bu sahədə fəaliyyət göstərən əməkdaşlar bu mövzuya daha həssas yanaşmalı, işgüzar mühitə uyğun geyimdə olmalıdırlar ki, daha faydalı və keyfiyyətli təhsil verə bilsinlər. O cümlədən də təhsilalanların qayda və qanunlara riayət etmələrinin, müəyyən rejim çərçivəsində daha yaxşı oxuyub elm öyrənəcəklərinin əhəmiyyətini izah edərək, onların da bu tələblərə əməl etməsini tələb etməliyik. Ən önəmlisi, məktəb mühitində keyfiyyətli təhsilin olması üçün diqqət yayındıran digər geyim formalarına və davranışlara yol verilməməlidir.
Tarix boyu cəmiyyətimizdə təhsil verənlər – müəllimlər daim ən hörmətli şəxslər kimi qiymətləndirilmiş və onlara dəyər verilmişdir. Bu gün də, gələcəkdə də bu hörməti və dəyəri qorumaq üçün onlar həm davranışları, həm də geyim tərzləri ilə gəncliyimizə və ictimaiyyətə nümunə olmalıdırlar.
Hər zaman olduğu kimi, bu gün də birlik olub uşaqlarımızın gələcəyi naminə onlara milli-mənəvi dəyərlərimizin aşılanmasını, gələcəyə doğru daha nizam-intizamlı addımlamasını, açıq fikirli, demokratik düşüncəli və qətiyyətli vətənpərvər kimi yetişməsini təmin edən, dövlətimiz tərəfindən yaradılan şəraiti dəstəkləməliyik. Bu yolda cənab Prezidentin yürütdüyü siyasətə və göstərdiyi əqidəyə dayaq olmalıyıq.