Türk Dünyasının Strateji Gələcəyi və Təhlükəsizlik Memarlığı: Prezident İlham Əliyevin Baxışı
Arzu Aslanova
Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü geosiyasi dəyişikliklər və regional təhdidlər şəraitində Türk dövlətlərinin birliyi, mənəvi həmrəyliyi və strateji tərəfdaşlığı mühüm aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə keçirdiyi mühüm görüş, təşkilatın gələcək inkişaf istiqamətlərini və təhlükəsizlik prioritetlərini müəyyən edən tarixi bir platformaya çevrilmişdir. Dövlət başçısının proqram xarakterli çıxışı, Türk dünyasının qlobal arenada vahid bir güc mərkəzi kimi formalaşması yolunda strateji yol xəritəsidir.
Prezident İlham Əliyev öz çıxışında müasir dünya düzəninin ən ağrılı nöqtələrindən birinə toxunaraq bəyan etmişdir ki, bu gün beynəlxalq hüquq iflic vəziyyətinə düşüb. Qlobal səviyyədə hüquq normalarının selektiv tətbiqi və ya tamamilə gözardı edilməsi, güc amilinin ön plana çıxmasına şərait yaradır. Belə bir mürəkkəb mühitdə TDT-yə üzv ölkələrin daxili sabitliyinin qorunması milli təhlükəsizliyin ən mühüm şərtidir.
Azərbaycan rəhbəri vurğulamışdır ki, hazırda ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. İctimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət tamamilə nəzarət altındadır. Lakin əldə olunmuş bu nailiyyətlərlə arxayınlaşmaq olmaz. Müasir dövrdə təhdidlər təkcə fiziki xarakter daşımır, həm də ciddi şəkildə ideoloji xarakter daşıyır. Xarici destruktiv qüvvələrin cəmiyyətlərimizə sızmaq, nifaq salmaq və daxili sabitliyi sarsıtmaq cəhdlərinə qarşı hər an hazırlıqlı olmaq tələb olunur.
Bu kontekstdə dövlət başçısı strateji bir yanaşma irəli sürərək bildirmişdir ki, daxili strukturlarımızda, koordinasiya mexanizmlərimizdə zəif yerlərimizin harada olduğunu müəyyənləşdirmək son dərəce faydalı olacaq. Bu boşluqların vaxtında aşkarlanması və birgə fəaliyyət sayəsində aradan qaldırılması TDT-nin kollektiv təhlükəsizlik qalxanını daha da gücləndirəcəkdir.
Azərbaycanın xarici siyasətinin mütləq prioriteti TDT ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin hər zaman böyük fəxrlə bəyan etdiyi fəlsəfə bu görüşdə də əsas xətt olmuşdur.
Bu güclü təməl üzərində qurulan ikitərəfli və çoxtərəfli əlaqələr artıq ən yüksək hüquqi-siyasi müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Türkiyə-Azərbaycan əlaqələrinin Türk dünyasında xüsusi yeri və rolu var. Şuşa Bəyannaməsi ilə rəsmiləşən bu müttəfiqlik, bütün təşkilat üçün bir model rolu oynayır. Azərbaycan Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalamışdır. Bu sənəd iki qardaş dövlətin gələcək strateji hədəflərini bir araya gətirir. Xəzər dənizi vasitəsilə bağlanan bağlarımız regionun iqtisadi və siyasi mənzərəsini dəyişir. Azərbaycan Prezidenti vurğulamışdır: "Biz bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq."
Türk Dövlətləri Təşkilatının ən böyük strateji aktivlərindən biri onun insan kapitalıdır. Dövlət başçısı qeyd etmişdir ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da çox böyük bir üstünlükdür. Qərb dünyasında və digər regionlarda qocalma meylləri müşahidə olunduğu halda, Türk dünyası dinamik, gənc və artan əhaliyə malikdir. Bu, həm böyük iqtisadi potensial, həm də gələcək insan resursları deməkdir.
İdeoloji təhdidlərin artdığı müasir dövrdə gənc nəslin milli və mənəvi dəyərlər ruhunda tərbiyə olunması həyati əhəmiyyət kəsb edir. Prezident bu səbəbdən xüsusi çağırış etmişdir: gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik. Gənc nəsillərin bir-birini tanıması, ortaq layihələr icra etməsi, gələcəkdə Türk dünyasının birliyini qoruyub saxlayacaq kadrların məhz bu gündən formalaşdırılmasına xidmət edir.
İqtisadi və logistik müstəvidə Azərbaycan regional və qlobal əhəmiyyətli unikal qovşaq rolunu icra edir. Ölkəmiz regional enerji təhlükəsizliyinin təminatçısı olmaqla bərabər, həm də Mərkəzi Asiyanı Avropa ilə bağlayan strateji körpüdür.
Türk Dövlətləri Təşkilatı beynəlxalq arenasındakı mövqeyinin möhkəmləndirilməsi üçün öz daxili potensialından maksimum istifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu, həm Azərbaycanın milli maraqlarını qoruyur, həm də Türk dünyasının bütövlüyünü və təhlükəsizliyini təmin edir. Mənəvi köklərə bağlılıq, iqtisadi-enerji gücü və daxili sabitliyin qorunması TDT-ni XXI əsrin ən dayanıqlı və nüfuzlu qlobal güclərindən birinə çevirməkdədir.