Türk Dünyasının Güclənən Platforması: TDT, Sabitlik Konsepti və Azərbaycanın Strateji Prioritetləri

Türk Dünyasının Güclənən Platforması: TDT, Sabitlik Konsepti və Azərbaycanın Strateji Prioritetləri

Xədicə Səmədzadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 87 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini

Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə üzv ölkələr arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik əlaqələrini birləşdirən mühüm bir platformaya çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda təşkilata üzv dövlətlərin təhlükəsizlik rəhbərlərini qəbul edərkən səsləndirdiyi bəyanatlar TDT-nin artan beynəlxalq nüfuzunu, strateji potensialını və regional təhlükəsizlik məsələlərindəki rolunu aydın nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, müxtəlif formatlarda keçirilən tədbirlər təşkilatın qlobal müstəvidə aktual mövzuların həllində aktiv iştirak etdiyini sübut edir. Təhlükəsizlik məsələlərindən tutmuş enerji, logistika, ticarət və mədəniyyət sahələrinə qədər uzanan geniş əməkdaşlıq gündəliyi ittifaqın fəaliyyət dairəsinin miqyasını göstərir.
Bu prosesdə əsas hədəflərdən biri üzv dövlətlərin daxili potensialından tam istifadə edərək TDT-nin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirməkdir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özünün əlverişli geosiyasi mövqeyi, enerji imkanları və geniş tranzit potensialı ilə bu tərəfdaşlıqda xüsusi rol oynayır. Ölkəmiz həm Mərkəzi Asiya regionu, həm də Türkiyə ilə sıx əlaqələr quraraq regional nəqliyyat və enerji dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Bu kontekstdə Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, müasir dövrdə enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları artıq ümumi milli və regional təhlükəsizlik anlayışından ayrı təsəvvür edilə bilməz.
TDT coğrafiyasını bir-birinə bağlayan ən böyük güclərdən biri də xalqların sahib olduğu müştərək tarixi, mədəni və mənəvi köklərdir. Eyni etnik mənşə, dil və mədəniyyət yaxınlığı, eləcə də ortaq tarixi miras və dəyərlər ölkələr arasında əlaqələrin möhkəmlənməsi üçün sarsılmaz bir təməl formalaşdırır. Bu mühüm amillər sadəcə rəsmi qurumlar səviyyəsində deyil, birbaşa cəmiyyətlər və insanlar arasındakı bağların da qüvvətlənməsinə rəvac verir.
Dövlət başçısı öz bəyanatında TDT regionunda daxili sabitliyin və təhlükəsizlik mühitinin qorunmasının vacibliyini xüsusi diqqət mərkəzində saxlamışdır. Ali Baş Komandan qətiyyətlə vurğulamışdır ki, möhkəm siyasi və iqtisadi sabitlik, eləcə də güclü təhlükəsizlik sistemi təmin edilmədən xarici sərmayələrin, müasir texnologiyaların və qabaqcıl innovasiyaların regiona axını qeyri-mümkündür. Bu səbəbdən TDT məkanındakı mövcud iqtisadi yüksəliş və əmin-amanlıq ittifaqın gələcək perspektivləri üçün fundamental şərtlərdən biri kimi dəyərləndirilir.
Təşkilata üzv ölkələrin dinamik şəkildə artan gənc demoqrafik potensialı da Prezidentin toxunduğu əsas mövzulardan biri olmuşdur. Bu böyük qüvvənin düzgün məجرaya yönəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin təhlükəsizlik çağırışlarına qarşı ayıq-sayıq yetişdirilməsi təşkilatın gələcək inkişafının hərəkətverici qüvvəsi kimi qeyd edilmişdir. Üzv dövlətlərin gəncləri arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə reallaşdırılan müştərək forumlar, elmi və mədəni konfranslar bu inteqrasiyanı daha da sarsılmaz edir.
Azərbaycanın digər türk dövlətləri ilə münasibətləri yalnız çoxtərəfli qurumlar daxilində məhdudlaşmır, həm də ikitərəfli müstəvidə uğurla inkişaf edir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə imzalanan yüksək səviyyəli müttəfiqlik sazişləri və bəyannamələri, həmçinin Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə təsis edilən investisiya fondları bu strateji tərəfdaşlığın əməli nəticələridir. Bütün bunları ümumiləşdirərək dövlət başçısı Türk dünyası ilə əlaqələrin dərindən inkişaf etdirilməsinin, regional sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasının Azərbaycan dövlətinin xarici siyasət kursunun ən mühüm prioriteti olduğunu bir daha qətiyyətlə bəyan etmişdir.

Paylaş