Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir

Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bakı şəhəri, Suraxanı rayonu 140 nömrəli tam orta məktəbin direktoru
Bildiyimiz kimi fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələnin miqyasının böyüklüyü ondadır ki, bir tektonik xəttə eyni anda iki fərqli ocaqda baş verməsidir. Səthə yaxın olması onlarla binanın dağılmasına və yüzlərlə insan itkisinə səbəb oldu. İnfrastrukturun dağılması nəticəsində humanitar fəlakət yaşandı.
30 mindən cox insanın həyatını itirdiyi bu fəlakətə ən tez humanitar yardımı təbii ki, Cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan göndərib. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Sevinci sevincimiz, kədəri kədərimizdir. Məhz bu səbəbdən belə çətin günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Bu yardımlaşma və dəstək qarşılıqlıdır. Hələ 44 günlük müharibə zamanı bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il 44 günlük Vətən müharibəsini ilk saatlarında, son anına qədər Azərbaycana həm mənəvi həm də siyasi dəstək vermişdi.
2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmış və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Türkiyə regionda eyni zamanda dünya siyasətində də güclü amildir. Bu gün dünya onunla hesablaşır və hörmət edir. Türkiyənin inkişafı onu düşmənlərini qorxudur, dost və qardaş ölkələri isə sevindirir. Hazır ki, şəraitdə Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.
Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük xidmətləri olacaq güclü liderdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.
44 günlük Vətən müharibəsində azad edilmiş torpaqlarımızdakı 30 illik işğal dövründə erməni vandalizmi nəticəsində yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar düşmən ölkə tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr arasındadır.
İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Qarabağda erməni kriminal ünsürləri hələ də qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Lakin Azərbaycan 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır.
Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurulub. Bütün bərpa işləri hökumət tərəfindən post münaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası başlanıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər.
Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Bu prosesə digər türk dövlətləri olan Qazaxıstan, Özbəkistan da qoşulub. Nəzərə alsaq ki, türklərin yaşadıqları coğrafiya olduqca genişdir türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. Hələ ötən əsrdə iki dəfə azərbaycanlılar deportasiyaya məruz qalmış, sonuncusu 1991-ci ilə qədər başa çatmışdı.
Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktları araşdırmaq üçün missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir. Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz öz torpaqlarına qayıtmağı məqsəd qoyublar. Bu qarşılıqlı razılaşma əsasında müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq normalar çərçivəsində olmalıdır. Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir. Müəyyən süni maneələrin olmasına baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bu məsələləri layiqincə yerinə yetirəcək və tarixi ədalət bərpa olunacaq.