Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir

Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin  xarici siyasətində prioritet istiqamətlərdən biridir
Könül Məmmədli
Suraxanı rayonunun fəal gənci
Qazaxıstan-Azərbaycan münasibətləri Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektorunu təşkil edir. İstər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövründə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş, yaxın dost və qardaş ölkələr olublar. Zəngin təbii sərvətləri, iqtisadi və siyasi gücü ilə Mərkəzi Asiyanın əsas dövləti olan Qazaxıstanla əslində, həm Qərb dövlətləri, həm Rusiya, həm də Çin əlaqələr qurmaqda maraqlıdır. Yəni dünyanın gözü Qazaxıstandadır. Azərbaycanı da bu xüsusda geridə qalmış saymaq olmaz. Ona görə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətini dərk etməmək mümkün deyil.
Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə malik olan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının simvoludur. Eyni zamanda bu ali ordenin verilməsi dövlətimizin başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi qeyd etmək lazımdır.
Avqustun 24-ü görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı imzaladılar.
Qazaxıstan Prezidenti həmin mərasimdə bir daha bildirdi ki, dövlət başçısı İlham Əliyevi ölkəsində görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Prezident İlham Əliyev iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir.
İki ölkə arasında əlaqələrin inkişafında Ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin böyük xidmətləri vardır. Ölkələrimizin qət etdikləri 30 illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad əsas faktordur. Səfər çərçivəsində iki dost ölkənin strateji tərəfdaşlığı ilə yanaşı, müttəfiqliyini də təsdiqləyən sənədin imzalanması perspektivlərə də aydınlıq gətirir.