Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır
Vaxtaşırı olaraq Türk Dövlətləri başçılarının görüşləri keçirilir. Belə görüşlərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış etdi. İlk əvvəl dövlət başçımız Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına, dağıntılara səbəb olan güclü zəlzələnin fəsadlarından kədərləndiyini bildirərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Dövlət başçımız bildirib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Turkiyənin Cümhurbaşqanı və Türk xalqı 44 günlük müharibə dövründə daim Azərbaycana dəstək vermiş və onun yanında olmuşlar. 2021-ci ilin iyun ayında Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və hər iki dövlət arasındakı əlaqə rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.
Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Dövlət başçımız bildirib ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.
Prezidentimiz geyd edib ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar..Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. 1-ci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.
Dövlət başçımız bildirib kı,keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər.Prezident Türkiyə Prezidentinin azad edilmiş torpaqlara üç dəfə səfər etdiyini xatırladıb, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə minnətdarlığını bildirib.
Bəli, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.
İlham Əliyev bildirib ki, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur.. Hazırda isə vaxtilə etnik təmizləməyə məruz qalan həmvətənlərimiz Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir. İnanırıq ki, dövlətimiz qarşıya qoyduğu məsələlərdə öz məqsədinə çatacaq.
Zirvə toplantısında türk dövlət başçılarının hər birinin çıxışı onu sübut edir ki, biz-qardaş xalqlar hər zaman bir-birimizi dəstəkləmə hazırıq.