Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edirdi. Cənab prezident Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altındakı çıxışında “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir” söyləmişdir.
Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin Türk dövlətləri Təşkilatına daxil olan ölkələrin bir-birilərinə olan münasibətlərin təməlini təşkil etdiyini vurğulayan dövlət başçısı “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” deyə bildirmişdir. Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə ölkə başçımızın 20 səfəri həyata keçirilmiş və eyni zamanda qarşılıqlı olaraq qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərləri olmuşdur. Zirvə görüşündə Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verilən dəstəyə görə bütün türk dövlətlərinə öz minnətdarlığını bildirmişdir.
Ölkəmizdə aparılan “Lokal anti-terror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyanın dəymədiyini BMT missiyası bölgəyə səfər edən zaman təsdiqləmişdir. Zirvə toplantısında Prezident İlham Əliyev bu məsələyə diqqəti cəlb edərkən,qardaş ölkələrin liderlərinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin gedişi haqqında məlumat vermişdir. Bu prosesdə qardaş dövlətlərin də töhfələrini xatırladan ölkə başçısı qardaş dəstəyini heç zaman unutmadığını, yüksək qiymətləndirdiyini bildirmişdir.
Prezident İlham Əliyevin çıxışına diqqət etdikdə bir xüsusi nüansı da vurğulamaq lazımdır. Belə ki, Azərbaycan lideri çıxışını Türk dövlətləri arasında əlaqələrin, qarşılıqlı çoxsaylı səfərlərin son illərdə daha da sıxlaşması ilə başlamış,“Biz böyük Türk dünyasının bir hissəsiyik, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq” fikirləri ilə bitirmişdir. Hesab edirəm ki, türk dünyasının böyük təşkilatı olan Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyəli, daha da böyük nüfuza nail olmuş təşkilat olacaqdır.