Televiziya kanalları və media qurumları dilin düzgün tətbiqinə xüsusi həssaslıqla yanaşmalıdırlar

Televiziya kanalları və media qurumları dilin düzgün tətbiqinə xüsusi həssaslıqla yanaşmalıdırlar

Aysun Süleymanlı

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin Baş direktorunun köməkçisi

Dil hər bir millətin varlığını, mədəniyyətini və tarixini nəsillərdən-nəsillərə ötürən ən güclü vasitə, milli kimliyin fundamental bünövrəsidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə ana dilimizin qorunması və inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Dövlət rəhbərlərinin çıxışlarında və imzaladıqları tarixi sənədlərdə Azərbaycan dilinə olan sonsuz sevgi, hörmət və sayğı hər bir vətəndaş üçün örnək təşkil edir.

Azərbaycan dili zəngin söz ehtiyatı, bənzərsiz melodiyası və daxili harmoniyası ilə dünya dilləri arasında xüsusi mövqeyə malikdir. Ulu Öndər Heydər Əliyev dilimizin bu ecazkar xüsusiyyətini vurğulayaraq qeyd edirdi ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını tam anlamasalar belə, bu dilin nə qədər şeirə bənzədiyini və xoş ahəngli olduğunu dəfələrlə heyranlıqla etiraf ediblər.

Bu zəngin irslə fəxr etmək hər bir azərbaycanlının mənəvi borcudur. Xüsusilə gənc nəsil üzərinə bu sahədə böyük məsuliyyət düşür. Müasir Azərbaycan gəncliyi öz ana dilini ən incəliklərinə qədər dərindən öyrənməli, onun qrammatik qaydalarına riayət etməli və gündəlik həyatında bu dildən mükəmməl şəkildə istifadə etməlidir. Azərbaycan dili təkcə rəsmi sənədlərdə dövlət dili kimi qalmamalı, cəmiyyətin bütün sahələrində, xalqın içində mütləq hakim dilə çevrilməlidir.

Qloballaşma əsri və texnoloji tərəqqi fonunda ana dilinin saflığının qorunması məsələsi daha da aktuallaşır. Son dövrlərdə mediada, televiziyalarda və bəzi fərdi çıxışlarda dilimizə daxil edilən lazımsız xarici kəlmələr dilin orijinal strukturunun dəyişilməsinə və korlanmasına səbəb olur. Ulu Öndərin də vaxtilə narahatlıqla qeyd etdiyi kimi, əgər biz bir xalq, bir millət olaraq öz dilimizi kənar təsirlərdən qorumasaq, yavaş-yavaş milli kimliyimiz də sarsıla bilər.

Dilin təmizliyinin qorunması ümummilli bir hərəkat olmalıdır. Bu prosesdə dövlətlə yanaşı, alimlərin, dilçilərin, yazıçı və şairlərin, jurnalistlərin və siyasətçilərin üzərinə böyük vəzifələr düşür. Televiziya kanalları və media qurumları kütləvi nitq mədəniyyətinin formalaşmasında əsas rol oynadıqları üçün dilin düzgün tətbiqinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Azərbaycanda ana dilinin inkişafı və müdafiəsi hər zaman mükəmməl qanunvericilik və praktiki addımlarla dəstəklənmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il avqustun 1-nin ölkəmizdə "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd olunması bu diqqətin ən bariz nümunəsidir.

Bu ali siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Dövlət başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin zənginləşməsi və saflığının qorunması baxımından mühüm tarixi hadisəyə çevrilmişdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: "Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır."

Ana dili milli azadlığımızın, müstəqilliyimizin və dövlətçiliyimizin ən böyük rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs əmanəti göz bəbəyi kimi qorumalı, onun gələcək nəsillərə təmiz, zəngin və nöqsansız şəkildə ötürülməsi üçün öz töhfəsini verməlidir. Çünki dilimizi qorumaq – Vətənimizi, tariximizi və milli mənliyimizi qorumaq deməkdi

Paylaş