Təchizatın artan dinamikası
Rafiq İsmayılov
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
İsveçrənin Davos şəhərində təşkil edilən ənənəvi Dünya İqtisadi Forumunun əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarətdir.Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması Forumun əsas diqqət mərkəzində idi.
Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. 2020-ci ildə keçirilmiş Davos İqtisadi Forumunda dövlətimizin başçısı “Strateji baxış: Avrasiya” mövzusunda keçirilmiş panel iclasında iştirak etmiş, Azərbaycanda siyasi və iqtisadi sahələrdə aparılan islahatlar, qonşu ölkələrlə münasibətlər, o dövrdə dünyada baş verən proseslər və digər məsələlər barədə danışaraq ölkəmizin gələcək planları barədə məlumat vermişdi. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində oldu.
Panel iclasında Orta Dəhlizlə bağlı çoxtərəfli razılaşmalara gəlindiyini bildirən Prezident qeyd etdi ki: “Mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır”.
Budəfəki Forumda Azərbaycana marağın yüksək olacağı şübhəsiz idi. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra bölgədə geniş iqtisadi əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük oldu.