Şərəfli müəllim ömrü
Zəkiyyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Biz zaman-zaman Ümummilli Lider adlandırdığımız bu dahi insanın – Heydər Əliyevin vətən-millət qarşısındakı xidmətlərindən,uğurlu siyasətindən,müstəqil dövlət quruculuğundakı müvəffəqiyyətlərindən danışmışıq və hələ də həmişə danışacağıq.Mən isə onun sadə peşə sahibi olan insanlara,müəllimlərinə,münasibətindən,qayğısından,diqqətindən söhbət açmaq istərdim
Heydər Əliyevin sadə insanlara münasibəti qibtə ediləcək qədər örnək idi.O, hakimiyyətdə olduğu bütün dövrlərdə hara səfər edirdisə tanıdığı zəhmət adamları – sadə insanlarla görüşür, hal-əhval tutur və hətta bəzən onların tövsiyyələrinə də qulaq asırdı.Naxçıvanda dövlət qulluğunda işləyərkən onun hər gəlişini diqqətlə izləyər, hər çıxışına diqqətlə qulaq asardım.Diqqətimi çəkən bir məqamı bu gün oxucularımla bölüşmək istəyirəm.
I-haşiyə: 1996-cı il oktyabr ayının 26-da Naxçıvan şəhərində Azərbaycan şairi və dramaturqu, böyük ədib Hüseyn Cavidin məqbərəsinin təntənəli açılış mərasimi keçirilirdi.Bu zaman böyük bir izdihamı yararaq məqbərənin qarşısına əlində əsa olan bir qoca yaxınlaşırdı.Elə bu zaman Dahi Şəxsiyyət – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev pillələri enib, əlini uzadıb, onunla səmimi görüşdü, hal - əhval tutdu və sonra ayrıca stul gətirdərək onu əyləşdirdi.Bütün bunlardan sonra O, öz tarixi çıxışını etməyə başladı.
II haşiyə: 13 oktyabr 1999-cu il.Naxçıvanda “Kazım Qara Bəkir Paşa məscidi”nin açılış mərasimi keçirilirdi.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev açılış nitqi söyləyirdi və birdən O, dayanır, çöhrəsinə təbəssüm qonur, sanki ötən günləri xatırlayır, üzünü mərasim iştirakçılarına tutaraq deyir: “Burada mənim gənc vaxtımda 13-16 yaşlarımda, orta məktəbi bitirdiyim illərdə mənə dərs verən, ana dili, türk dili, Azərbaycan dili dərsi verən müəllimim oturubdur – Lətif Hüseynzadə.Dünən təntənəli mərasimdə öz müəllimlərimi yada salırdım.60 il, bəlkə də, 65 il bundan öncə mənə dərs deyən müəllimlərimdən birinci - əziz müəllimim Lətif Hüseynzadənin adını çəkdim.O, dünən mərasimdə yox idi.Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəlmişdir.Mən burada onunla görüşdüm.Çox məmnunam, çox sevinirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və böyük işlər görür.”
Daha sonra Heydər Əliyev öz nitqində belə deyir: ”Xatirimdədir 1982-ci ildə - o vaxt Azərbaycanın başçısı idim, məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü və baş nazirin birinci müavini vəzifəsinə təyin etdilər.Mən beş il orada çalışandan sonra məcburi istefaya getdim.Moskvada üç il ağır şəraitdə yaşayandan sonra Bakıya, oradadan da Naxçıvana gəldim.Burada bacım yaşayırdı, onun kiçik komasında yerləşdim.Məni sayan adamlar gəlib görüşür, kiçik bir həyətdə məni ziyarət edirdilər.Mənim müəllimim Lətif Hüseynzadə gəldi.O qədər sevindim ki.. Çünki mən ondan 39-cu ildə ayrılmışdım, bu isə 90-cı il idi. Oturduq çox söhbət etdik.Mən onun o vaxt dediyi sözləri sizə bildirmək istəyirəm. Dedi ki, əzizim Heydər, sən çalış ki, erməni düşmənlərimizin burada qarşısını al. Naxçıvana təcavüzə icazə vermə.Çünki 18-ci ildə onlar Naxçıvana hücum etdilər, əgər türk ordusu buraya gəlməsəydi, Kazım Qara Bəkir Paşanın ordusu Naxçıvana gəlməsəydi hamımızı qıracaqdılar. Bu mənim gözümün qabağında olan hadisədir.Yəni 1990-cı ildə Lətif müəllim, Lətif Hüseynzadə 1918-ci ili yadına saldı və o illərin şahidi olaraq mənə bir ağsaqqal, müəllim kimi tövsiyyələrini verdi.
III haşiyə: 18 iyun 2002-ci il.Naxçıvanda görkəmli rəssam Bəhruz Kəngərlinin muzeyinin açılış mərasimində Azərbaycan prezidenti Heydər Əliyev geniş nitq söyləyir.Nitqinin yekununa yaxın O, belə deyir:”Bəli, bu gün demək olar ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindən biridir.Biz bununla fəxr etməliyik.Fəxr etməliyik ki, Azərbaycan xalqının böyük istedada malik insanları olubdur.Yeri gəlmişkən, bu bina haqqında bir neçə kəlmə demək istəyirəm.Çünki mən bu binada oxumuşam, təhsil almışam.Mən burada orta təhsil alandan sonra Bakıya gedib Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşam. Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yadımdan heç vaxt çıxmayacaqdır.Ona görə də müəllimlərimin hamısı yadımdadır.Mən birinci gün sevdiyim müəllim Lətif Hüseynzadə ilə görüşdüm.Elə bil ki, dünən idi.O, Azərbaycan dili dərdi keçirdi, Azərbaycan ədəbiyyatı dərsi keçirdi. Məndən bəzən soruşurlar, axı Siz təhsilinizin əsas hissəsini rus dilində almısınız, işlərinizin hamısı, demək olar ki, o dövrün tələblərinə görə rus dilində gedibdir. Bəs nə cür olubdur ki, Azərbaycan dilini bəzi azərbaycanlılar kimi unutmamısınız? – Onlar heç əvvəl də bilməyiblər ki, unutsunlar. Belələri xüsusilə ilə Bakıda çoxdur. Amma o illər Lətif müəllimin, təkcə Lətif müəllimin deyil, başqa müəllimlərimizin də bizə verdiyi dərslər, şəxsən mənə verdiyi dərslər və tövsiyyələr bu günə qədər yadımdadır və bütün həyatımda həmişə mənə kömək edibdir.” Yazıçı jurnalist Güllü Məmmədova “Qara Bəkir əfsanəsi” adlı kitabında 1918-20-ci illərdə Naxçıvanda baş verən ictimai siyasi həyatdan bəhs edir.
Naxçıvanda yaşayan ziyalıların erməni daşnaqlarına qarşı mübarizədən söz açır. O vaxt gənc tələbə olan Lətif Hüseynzadənin də fəaliyyətini qeyd edir və kitabın ərsəyə gəlməsində onun xatirələrindən də istifadə etdiyini vurğulayır.İndi isə bütün yuxarıda sadaladıqlarımdan sonra oxucularda maraq doğuran bir məqamı açıqlamaq istəyirəm. Düzdür, onu tanıyanlar çoxdur, lakin böyüməkdə olan gənc nəsil üçün isə Lətif Hüseynzadə haqqında qısa arayış verməyi özümə borc bilirəm.Lətif Talıboğlu Hüseynzadə 1903-cü ildə aprel ayının 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada “Xeyriyyə” və “Rüşdiyyə” adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında ( 1922-1925 ) təhsil almışdır. 1925-ci ildə Bakıya gələn Lətif Hüseynzadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1930-cu ildə oranı bitirmişdir.İlk əmək fəaliyyətinə İrəvan Türk müəllimlər Seminariyasında başlamışdır ( 1930-1936 ).1936-cı ildən 1940-cı ilədək Naxçıvan Pedoqoji Texnikomunda müəllim və dərs hissə müdiri işləmişdir. 1940-cı ildən 1954-cü ilədək C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim-dossent, kafedra müdiri, direktor vəzifəsində çalışmışdır.Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor ( 1950-51 ) Azərbaycan Elmi-Tədqiqat Pedoqoji İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri ( 1954-57 ), İrəvan Dövlət Pedoqogika İnstitutunda Azərbaycan şöbəsində dossent ( 1968-1976 ) vəzifəsində çalışmışdır.Lətif Hüseynzadə pedoqoji fəaliyyəti ilə yanaşı elmi-tədqiqatla da məşğul olmuş və mütəmadi olaraq dövri mətbuatda məqalələrini çap etdirmişdir.”Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından biri olmuş Əliqulu Qəmküsarın həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
XV əsrdə yaşamış Qaraqoyunlu hökmdarı Cahanşahın “Həqiqi” təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı “Divan”ı aşkara çıxarıb tədqiq və tərtib edib nəşr etdirmişdir.”Araz şahiddir” adlı Türk ordu generalı Kazım Qarabəkir Paşa Naxçıvanda 1918-20-ci illərə dair xatirələrini çap etdirmişdir.2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Lətif Hüseynzadənin yüz illiyinin keçirilməsi haqqında Naxçıvan Ali Məclisinə göstəriş verdi və onu Vətənin ali mükafatı – “İstiqlal” ordeni ilə təltif etmişdir.2007-ci il may ayının 9-da “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində Lətif Hüseynzadə deyirdi:”Heydər Əliyevin sərəncamı ilə 100 illik yubileyim təntənəli şəkildə keçirildi.Özü Bakıdan mənim 100 illiyimi təbrik etdi. Mənə “İstiqlal” ordeni verdi.Bu, təkcə mənə deyil, bütün müəllimlərə, pedoqoji əməyə verilən yüksək qiymət idi.Onun mənə göndərdiyi təbrik məktubu təkcə, şagirdin müəlliminə minnətdarlıq duyğularının ifadəsi deyildi. Dövlət başçısı olan şagirddən, zəmanənin ən böyük tarixi simaları ilə bir sırada duran siyasət nəhəngi yetirmədən bu sözləri eşitmək,əlbəttə, mənim üçün böyük iftixar idi.Heydər Əliyev böyük siyasətçi və müdrik dövlət başçısı idi. O,öz ağlı,kamalı ilə bütün dünyanı fəth etdi.Azərbaycan xalqını bütün dünyaya tanıtdı. Onun,Vətənimiz, xalqımız qarşısındakı xidmətləri tarixdə analoqu olmayan, misli görünməyən xidmətlərdir. Ona görə də mən bir müəllim kimi çox istərdim ki, həmkarlarım – yaşlı və cavan müəllimlər öz şagirdlərini Heydər Əliyev nümunəsində tərbiyə etsinlər.Heydər Əliyevin irsini dərindən öyrənib gənc nəslə də öyrətsinlər.Gənclərimiz Heydər Əliyev kimi oxusunlar, çalışsınlar”. Lətif Hüseynzadə 2008-ci ildə 105 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin!