Şərqdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilmişdir

Şərqdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilmişdir
Vəfa İbrahimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nomrəli orta məktəbin tarix müəllimi
Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixi işçi qadınların haqlarının qorunması, qadınların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayrama çevrilib. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.
Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Hələ Şərqdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilmişdir. Nəticədə qadınlarımız olkəmizin ictimai-siyasi həyatında yaxından,daha fəal iştirak etməyə başlamışlar.
Təhsilli qadın təhsilli millət, təhsilli nəsil,sağlam ailə deməkdir. Azərbaycanda qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. Zaman keçdikcə bu istiqamətlərdə işlər görülüb, müsbət nəticələr əldə olunub. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir.Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Qadınların maariflənməsi, ictimai-siyasi həyatda aktiv olmaları gələcək nəsillərində inkişafını sığortalamış olur.
Qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən biri idi. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Məhz bu siyasətin nəticəsində Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanın birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti Azərbaycan qadının nüfuzunun daha da yüksəklərə qaldırılmasında mühüm rol oynamışdır. Bu gün qadınlarımız Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir.Bu qurultayda mühüm məsələlər müzakirə olunmuşdur və hər beş ildən bir ardıcıl şəkildə keçirilmişdir, hər il 8 mart bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, orden və mükafatlarla təltif olunur.