Azadlıq günün mübarək, Ağdam

Azadlıq günün mübarək, Ağdam
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Şəhər və kəndlərimiz azad olunduqca bir daha aydın oldu ki, erməni işğalçıları yaşayış məntəqələrimizdə daşı daş üstünə qoymayaraq ərazilərimizi viran qoymuşlar. Digər şəhərlərimizdə olduğu kimi, Ağdam şəhəri də erməni vandallığının qurbanı olmuşdur.
Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.
Lakin, necə deyərlər, haqq nazilər, üzülməz. Azərbaycanın illərlə haqq işi uğrunda apardığı mübarizə nəhayət ki, qələbə ilə nəticələndi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb.
İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.
Bu gün Ağdamın işğaldan azad olunmasının dördüncü ilini böyük sevinc və qürur hissi ilə bayram edirik. İlham Əliyevin bir güllə atılmadan azad etdiyi rayon hazırda inkişaf və quruculuğun yeni rəmzinə çevrilib. Prezident İlham Əliyev demişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olundu.
Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.
Ağdamın azadlıq günü mübarək olsun!