Sərginin keçirilməsi Azərbaycana imkan verir ki, öz potensialını xarici investorlara təqdim etsin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Bu tədbir qlobal əhəmiyyətə malikdir. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib.
Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan da sərgilərin böyük əhəmiyyəti vardır. Ölkəmizin neft-qaz sektorunda imkanlarının ildən-ilə genişləndiyinin şahidi oluruq. «Əsrin müqaviləsi» nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik.
Ötən illər ərzində Azərbaycan daxili bazarda enerjiyə olan tələbatları tam təmin edib və bu gün sayı getdikcə artan ölkələrin və ilk növbədə Avropa ölkələrinin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı. Dövlət başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.