Şəhid Səbuhi Orucovun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib

Şəhid Səbuhi Orucovun adının əbədiləşdirilməsi məqsədi ilə  inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib
22 oktyabr 2021-ci il tarixdə Bülbülə qəsəbəsində Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Orucov Səbuhi Vahid oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidin doğmaları iştirak etmişlər. Suraxanı RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə ali qayğısından bəhs edərək bildirmişdir ki, hər bir şəhid ailəsi diqqətdə saxlanılır. Əziz Əzizov Səbuhini boya-başa çatdıran ailəsinə təsəlli vermiş, vətənimizə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir. Həmçinin, Səbuhi kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən əsgər (MAHHXHQ) Orucov Səbuhi Vahid oğlunun “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmasının dövlətin və Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə qarşı diqqətinin təzahürü olduğunu bildirdi. Daha sonra o, təşkilat adından şəhidin ailəsinə şəhidin təsvrinin üzərində toxunduğu xalçanı təqdim etmişdir.
Milli Məclisin deputatı Afət Həsənova şəhidimizin Ermənistan Silahlı Qüvvələrinin təcavüzü ilə başlanan hücumları nəticəsində cəbhənin Cəbrayıl-Qubadlı istiqamətlərində fəal iştirak etdiyini ifadə etmiş, əsgər (MAHHXHQ) Səbuhi Orucovun Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 27-də döyüşlərdə şəhid olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.