Şəhid Devid Cəlilovun əziz xatirəsi ehtiramla yad edilib
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbdə Vətən uğrunda canından keçmiş qəhrəmanımız, Lokal anti-terror əməliyyatı nəticəsində şəhid olan Cəlilov Devid Raufoviçin doğum günü ilə bağlı anım tədbiri keçirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin yad olunması, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması və milli yaddaşın qorunması məqsədilə təşkil edilib.
Anım tədbirində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin komandiri, ailə üzvləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın hər bölgəsində yaşayan insanlar bir yumruq ətrafında birləşərək Vətənin müdafiəsinə qalxdı. Yerli təşkilatın sədri şəhid Devid Cəlilovun keçdiyi şərəfli həyat yolundan, Vətənə sədaqətindən və göstərdiyi igidlik nümunəsindən bəhs edərək bildirib ki, belə qəhrəmanların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Qeyd edək ki, Şəhid Cəlilov Devid Raufoviç 29 fevral 2004-cü ildə Xaçmaz rayonu, Köhnə Xudat qəsəbəsində anadan olub. Orta təhsilini Xudat şəhər 3 nömrəli tam orta məktəbdə başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına həqiqi hərbi xidmətə yollanıb. O, Azərbaycan Ordusunun əsgəri kimi 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Tədbir çərçivəsində şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub, şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.