Şəhid Coşqun Orucovun bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir
05 may 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Suraxanı rayonu Zığ qəsəbəsi sakini şəhid şəhid əsgər (MAHHXHQ) Orucov Coşqun Oruc oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. O, bir neçə gün öncə Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayından danışaraq qeyd etmişdir ki, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bulaq – abidə kompleksinin açılış mərasimində çıxş edərək bildirmişdir ki, Azərbaycanın hər bir vətəndaşına örnək olan həyat yolu keçmiş Şəhidlərimizin qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydularını bir daha vurğulayaraq torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etmişdir.
Daha sonra şəhidimiz Coşqun Orucovun Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsindəki Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Orucov Coşqun Oruc oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.