Şəhid ailələrinin yaşayış qayğılarının həlli istiqamətində önəmli addımlar atılmışdır
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin ilk rübünün yekunları ilə bağlı müşavirə keçirilib. Müşavirədə geniş və ətraflı nitq söyləyən dövlət başçısı, həm bu ilin ilk üç ayında əldə etdiyimiz uğurlardan, həm də Vətən müharibəsindən sonra gedən proseslərdən bəhs edib. Bildirib ki, bu il əldə etdiyimiz uğurlar, ötən ilki fəaliyyətimizin davamı kimi qiymətləndirilməlidir.
Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinin dövlət tərəfindən qayğı ilə əhatə olunması ölkəmizdə prioritet təşkil edir. Sağlamlığını itirmiş, yaralanmış qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunur. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Prezident cənab İlham Əliyev şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində platformanın yaradılması məqsədilə 8 dekabr 2020-ci il tarixdə “YAŞAT” Fondunun və işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə 4 yanvar 2021-ci il tarixdə “Qarabağ Dirçəliş” Fondunun yaradılması haqqında Fərmanlar imzaladı. Bu Fərmanlar ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir. Bütövlükdə, Fondların yaradılması cənab Prezidentin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbiçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Son olaraq isə dövlət başçısının 2022-ci il 11 aprel tarixli Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq etməsi mühüm əhəmiyyətə malikdir. Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Bu, Prezident İlham Əliyevin diqqət və qayğısının daha bir nümunəsi - əyani ifadəsidir.