Səfər çərçivəsində İtaliya–Azərbaycan Universitetinin rəsmi açılışı oldu

Səfər çərçivəsində İtaliya–Azərbaycan Universitetinin rəsmi açılışı oldu

Ləman Hacıyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru

Sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinin bariz göstəricisinə çevrildi. Bu səfər İtaliya Prezidentinin ölkəmizə ikinci ziyarətidir və son illərdə Azərbaycan–İtaliya münasibətlərinin dinamik inkişafını təsdiqləyir. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, “biz əsl strateji tərəfdaşıq və əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir.”

İtaliya bu gün Azərbaycanın Avropadakı ən mühüm iqtisadi və siyasi tərəfdaşlarından biridir. İki ölkə arasında 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında sənəd, həmçinin 2018-ci ildə qəbul edilmiş Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi münasibətlərin əsas hüquqi bazasını formalaşdırır. İqtisadi əməkdaşlıqda enerji sahəsi xüsusi yer tutur. Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, təbii qaz isə ikinci yerdədir. 2020-ci ildən fəaliyyət göstərən TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu daha da gücləndirib.

Prezident İlham Əliyev qeyd edib ki, İtaliya Azərbaycanın etibarlı tərəfdaşı kimi hər zaman qarşılıqlı inam və hörmətə əsaslanan münasibətləri qoruyub saxlayır. Bu inam sayəsində enerji layihələri ilə yanaşı, yeni istiqamətlərdə – xüsusən də “yaşıl enerji”, bərpa olunan mənbələr və elektrik ixracı sahəsində də əməkdaşlıq genişlənir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə birgə Xəzərin dibi ilə elektrik enerjisinin ötürülməsi layihəsi üzərində işləyir. Bu təşəbbüs Azərbaycanın regional enerji mərkəzinə çevrilməsində mühüm addımdır.

Səfər çərçivəsində baş tutan ən önəmli hadisələrdən biri isə İtaliya–Azərbaycan Universitetinin rəsmi açılışı oldu. Layihə Prezident İlham Əliyevin 2020-ci ildə Romaya dövlət səfəri zamanı irəli sürdüyü təşəbbüsün nəticəsidir. ADA Universitetinin bazasında yaradılan bu ali təhsil müəssisəsi İtaliyanın beş nüfuzlu universiteti — Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri ilə birgə fəaliyyət göstərir. Universitetin müasir laboratoriyaları, dizayn emalatxanaları, mühəndislik və memarlıq proqramları gənclərin həm nəzəri, həm praktiki biliklərini formalaşdırmağa xidmət edir.

İtaliya–Azərbaycan Universiteti yalnız elm və təhsil mərkəzi deyil, həm də iki xalq arasında dostluğun və qarşılıqlı etimadın simvoludur. Bu əməkdaşlıq həm mədəni inteqrasiyanın, həm də gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yaradır. Universitetdə təhsil alan tələbələr gələcəkdə iki ölkə arasında elmi, mədəni və iqtisadi körpülər rolunu oynayacaqlar.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız sənədlərdə deyil, həm də real həyatda özünü təsdiq edir. Bu əməkdaşlıq modeli uzaq coğrafiyada yerləşən, lakin ortaq dəyərlərə malik iki ölkə üçün nümunəvi bir tərəfdaşlıq nümunəsidir.