Nəsimi Səfərov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı RİHB-nin Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi
Şuşa azad edildikdən sonra ilk azan verən əsgər: Ölsəm şəhadətimdir, qalsam zəfərimdir! Biz bu şüarla Qarabağı, doğma Şuşamızı azad etdik. Belə olan halda heç bir mənfur düşmən bizə bata bilməzdi. Məhz belə oğulların igidliyi sayəsində və cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün şuşalılar otuz iki ildən sonra öz doğma torpaqlarına qayıda bildilər. 44 günlük Vətən müharibəsinin uğurla başa çatması Şuşasız mümkün olmazdı.
2020-ci il 8 noyabr – tarixi hadisə! Şuşa, sən artıq azadsan! Bununlada Şuşa bizim əyilməz ruhumuzun rəmzinə çevrildi. Ölkəmizin Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 may 2024-cü il tarixdə Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı və birinci xanımı yaşayış kompleksində görülən işlər və yaradılan şəraitlə tanış olublar. Eyni zamanda Prezident öz çıxışında Şuşa sakinlərini səmimi qəlbdən təbrik edərək Şuşanın azad olunması və dirçəldilmiş Şuşa haqqında fikirlərini söyləmişdir.
Hal-hazırda Şuşanın dirçəldilməsi ilə əlaqədar olaraq Şuşa şəhərində geniş miqyaslı quruculuq işləri, böyük infrastruktur layihələri həyata keçirilir. Füzulidən Şuşaya gedən Zəfər Yolu, magistral avtomobil yolları, tunel və körpülər ən müasir şəhərsalma qaydalarına uyğun olaraq qurulur. Boşuna deyil ki, 2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi, Çöl Qala məscidi, Şirin Su hamamı, Vaqifin məqbərəsi, Mehmandarovun evi, Üzeyir Hacıbəylinin abidəsi və evi Şuşanın tarixi abidələridir. Bu tarixi abidələrin bərpası artıq yekunlaşmaq üzrədir. Müasir quruculuq işlərindən olan geniş beşulduzlu Şuşa mehmanxanası bu gün turistlər üçün artıq fəaliyyət göstərməkdədir.
Şuşanı qoruyub saxlamaq bizim borcumuzdur! Çünki Şuşa əzəldən bizim torpağımızdır, əbədi olaraq da bizim qalacaq!