Şuşada belə mötəbər tədbirin keçirilməsinin siyasi əhəmiyyəti var
Fərəh Hüseynova
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya və siyasi məkanında mövqeyini möhkəmləndirən mühüm tədbirlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev forumdakı çıxışında yalnız ölkədaxili məsələlərə deyil, həm də regional və qlobal proseslərə geniş şəkildə toxunaraq Azərbaycanın strateji baxışını və prioritetlərini aydın şəkildə ortaya qoymuşdur. Bu çıxış həm siyasi mesajlar, həm də gələcəyə yönəlik inkişaf istiqamətləri baxımından olduqca zəngin məzmun daşıyır.
Prezident ilk növbədə Şuşada belə mötəbər tədbirin keçirilməsinin simvolik və siyasi əhəmiyyətini vurğulamışdır. Uzun illər işğal altında olmuş Qarabağın və onun mədəni paytaxtı hesab edilən Şuşanın artıq beynəlxalq forumlara ev sahibliyi etməsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin ən bariz göstəricilərindəndir. Bu fakt həm də ölkənin beynəlxalq nüfuzunun artdığını və qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir. Şuşanın bu cür platformalara çevrilməsi Azərbaycanın mədəni və siyasi dirçəlişinin rəmzi kimi çıxış edir.
Çıxışın əsas istiqamətlərindən biri Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi ilə bağlı olmuşdur. Prezident qeyd etmişdir ki, son otuz ildə Azərbaycan mühüm inkişaf yolu keçərək artıq “orta güc” statusuna yüksəlmişdir. Bu status ölkənin həm iqtisadi potensialı, həm enerji resursları, həm də strateji coğrafi mövqeyi ilə bağlıdır. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması Azərbaycanın rolunu daha da artırmışdır. Azərbaycan qazına tələbatın kəskin artması ölkənin enerji ixracatçısı kimi əhəmiyyətini bir daha təsdiqləmişdir.
Bununla yanaşı, Prezident bərpaolunan enerji sahəsinə xüsusi diqqət ayırmışdır. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Yaşıl enerji gündəliyi çərçivəsində həyata keçirilən tədbirlər ölkənin yalnız enerji ixracatçısı deyil, həm də ekoloji məsuliyyət daşıyan dövlət kimi mövqeyini gücləndirir. COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etmək də Azərbaycanın bu sahədə artan rolunun göstəricisidir.
Xarici siyasət məsələlərinə toxunan Prezident Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli siyasət apardığını vurğulamışdır. ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və digər ölkələrlə münasibətlər qarşılıqlı maraqlar əsasında qurulmuşdur. Xüsusilə Türkiyə ilə əlaqələr strateji müttəfiqlik səviyyəsində qiymətləndirilmiş, bu münasibətlərin regionda sabitliyin təmin olunmasına töhfə verdiyi qeyd edilmişdir. Bununla yanaşı, Orta Asiya ölkələri ilə əməkdaşlıq, o cümlədən enerji və nəqliyyat layihələri regionun inteqrasiyasına mühüm təsir göstərir.
Prezident çıxışında beynəlxalq təşkilatların fəaliyyətinə də toxunaraq bəzi hallarda Azərbaycana qarşı qərəzli münasibətin mövcud olduğunu bildirmişdir. Xüsusilə AŞPA ilə bağlı səsləndirilən fikirlər ölkənin milli maraqlarının qorunması istiqamətində prinsipial mövqeyini əks etdirir. Bununla belə, beynəlxalq hüququn sülhün təmin olunmasında əsas platforma olduğu vurğulanmışdır və bu prinsip Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biri kimi təqdim olunmuşdur.