Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Zığ QİƏDi üzrə nümayəndəsinin müavini
Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. İclasın əvvəlində Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İqtisadi Əməkdaşlıq Təşkilatının regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadəsi, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
“2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatım 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin-Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə Təşkilatın üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İqtisadi Əməkdaşlıq Təşkilatı günü” kimi qeyd olunur.
İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. Təşkilatın Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.
Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT-in Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına böyük imkanlar yaratmaqla bərabər, həm də türkdilli ölkələrin əsas magistral kəməri statusu qazanan Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin genişlənməsində, yeni münasibətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edir.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır;
Bir sıra iri regional və beynəlxalq enerji layihələrinin təşəbbüskarı və icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir.
Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm də tranzit ölkə kimi əhəmiyyətini artırır.