Şuşa bizimdir, Qarabağ Azərbaycandır!
Ziyafət Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Vüqar Bayramov adına körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış 8 Noyabr tarixi təkcə bir şəhərin azad olunması deyil, bütöv bir xalqın yenidən dirçəlişi, milli qürurunun bərpası günüdür. Şuşanın azad edilməsi həm tarixi ədalətin bərpası, həm də Vətən müharibəsində qazanılan Qələbənin rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Zəfərə aparan yol Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun müəyyən etdiyi siyasi xətt, ordu quruculuğu və dövlətçilik prinsipləri sonrakı illərdə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu strateji xətt nəticəsində Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi.
Şuşanın azad olunması həmin Zəfərin zirvəsi oldu. 8 Noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan xalqımıza bu sözlərlə müraciət etdi: “Şuşa indi azaddır! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Bu, bizim şanlı Qələbəmizin günüdür!”
Qələbədən dirçəlişə doğru Qələbədən dərhal sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər edərək şəhərin bərpasına şəxsən rəhbərlik etdilər. Qısa müddətdə burada bərpa və yenidənqurma işlərinə başlanıldı. Dövlət bayrağının Cıdır düzündə ucaldılması, Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” musiqi festivalının və digər mədəni tədbirlərin yenidən keçirilməsi Şuşanın həyatına yeni nəfəs gətirdi.
İllər keçdikcə şəhər dirçəlir, tarixi abidələr öz görkəmini bərpa edir. 2021-ci ildə “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib, 2022-ci ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ildə “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bütün bunlar Şuşanın yalnız Azərbaycanın deyil, həm də regionun mədəni mərkəzinə çevrildiyini göstərir.
Mədəniyyətin beşiyi – Şuşa Tarix boyu Şuşa Azərbaycanın mədəni, ictimai və siyasi həyatında mühüm rol oynamışdır. Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Molla Pənah Vaqifin və bir çox digər dahilərin doğulduğu bu torpaq Azərbaycan musiqisinin, poeziyasının və mənəviyyatının beşiyidir. 30 illik işğal dövründə düşmən bu mədəniyyət ocağını dağıtmaq istəsə də, Şuşanın ruhunu sındıra bilmədi.
Son illərdə Şuşa artıq təkcə Azərbaycanın deyil, həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Qlobal Media Forumu, İSESCO və digər beynəlxalq təşkilatların tədbirləri məhz bu şəhərdə baş tutub. Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha sübut etdi.
Şuşa – dirçəlişin simvoludur. Bu gün Şuşada yeni yaşayış kompleksləri salınır, məktəblər, xəstəxanalar, turizm obyektləri və parklar tikilir. Şəhər yalnız bərpa edilmir, həm də gələcəyə yönəlik müasir şəhər modelinə çevrilir. Prezident İlham Əliyevin sözləri ilə desək:“Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik.
8 Noyabr – Şuşa şəhəri günü xalqımızın mübarizə iradəsinin, milli birliyinin və əzmkar ruhunun təntənəsidir. Bu gün hər bir azərbaycanlı qürurla deyir: “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”