Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "AB" yaşayış sahəsi, Surxay Noçuyev küçəsi 152 ünvanında (Suraxanı Rayon Sukanal İdarəsində) yerləşən ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gündəlikdə duran əsas məsələnin ərazi partiya təşkilatının (ƏPT) rəhbər heyətinin seçilməsi olduğunu diqqətə çatdırmışdır. İclasda partiyanın fəal üzvü Qətibə Pələngovanın təklifi ilə Əsgərov Əfqan Əsgər oğlunun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində o, yekdilliklə ƏPT-nin sədri seçilmişdir. Daha sonra yeni seçilmiş sədr Əfqan Əsgərov ona göstərilən etimada görə təşəkkürünü bildirərək sədr müavini vəzifəsinə Ağamalızadə Mirhəmzə Ağamalı oğlunun namizədliyini təklif etmiş və o da yekdilliklə sədr müavini seçilmişdir.
Seçkilərdən sonra partiya işinin gələcək fəaliyyət istiqamətləri geniş müzakirə olunmuşdur. YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova ərazi partiya təşkilatında işin ümumi təşkilati vəziyyətini qiymətləndirərək fəallığın daha da artırılmasının vacibliyini qeyd etmişdir.
Sonda rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin dərindən öyrənilməsi, dövlətçilik ənənələrinin təbliği və Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların əhaliyə operativ çatdırılması barədə konkret tapşırıqlar vermişdir. Yerli təşkilatın sədri partiya üzvlərinin uçot işinin təkmilləşdirilməsi, fəalların sosial şəbəkələrdəki aktivliyinin artırılması və kütləvi tədbirlərdə yüksək səviyyədə təmsil olunmaları ilə bağlı tövsiyələrini diqqətə çatdırmışdır.
İclas üzvləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.