Suraxanı Rayonunda "Zəfər Salnaməsi” adlı tədbir keçirilmişdir

Suraxanı Rayonunda "Zəfər Salnaməsi” adlı tədbir keçirilmişdir

30 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatı və  3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təqdimatı ilə “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş "Zəfər Salnaməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti və digər rəsmi şəxslər iştirak etmişdir.

Tədbirdən əvvəl 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. 

Tədbir 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında vətənpərvər ruhda şer, rəqs və mahnı kompazisiyalarının təqdim olunması ilə davam etmişdir. 

 Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixində çoxlu qəhrəmanlıq səhifələri və xüsusən də fərdi və ya epizodik xarakterli qəhrəmanlıq nümunələri olub. Amma məhz İkinci Qarabağ müharibəsi və onun kulminasiya nöqtəsi olaraq 8 noyabrda Şuşanın azad edilməsi qəhrəmanlığın fərdi və ya epizodik səviyyədən ümummilli zəfərə çevrilməsini təmin etdi. Nəticədə son iki yüz ildən artıq müddətdə müxtəlif xarici və imperial qüvvələrin erməni amilindən alət kimi istifadə edərək Azərbaycana qarşı apardığı məkrli planlara sarsıdıcı zərbə endirildi. Beləliklə, təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni sülh və inkişaf mərhələsinin bünövrəsi Zəfər günündə qoyulmuş oldu.

 YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək təqdim olunan vətənpərvər ruhda olan bütün kompazisiyaları yüksək qiymətləndirərək demişdir ki, Azərbaycanın şərəf və şanlı tarixinə qızıl hərflərlə yazılan günü 30 ilə yaxın xalqımız səbirsizliklə gözləyirdi. Bu illər ərzində xalqımız ürəyində daim vətən sevgisini, işğal altında qalan torpaqlarımıza qovuşmaq həsrətini daşıyırdı. Nəhayət ki, gözlərimizdə ümid qığılcımı parladan o gün gəldi. Mənfur düşmənin Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı və düşmənə sarsıdıcı zərbələr endirən əsgər və zabitlərimiz düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti çıxış edərək birgə əməkdaşlığa görə Suraxanı Rayon İcra Hakimiyyətinə və YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlığını bildirərək dedi ki, yeniyetmələrin, gənclərin vətənpərvər ruhda tərbiyəsi qəhrəman gələcəyimizi formalaşdırır.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.