Suraxanı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
08 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının icrası ilə bağlı müvafiq tədbirlər planına uyğun olaraq Əmircan qəsəbəsindən Yeni Suraxanı qəsəbəsinə gedən yolun kənarında “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid ərazidə ağacəkmə aksiyası keçirilib. Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının və “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor səlahiyyətlərini icra edən Vazeh Əsgərov, “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin vitse-prezidenti Elvin Ağayev, partiya fəalları, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbə-müəllim heyəti, ekokönüllülər, YAP Suraxanı rayon təşkilatının fəal gəncləri və ictimaiyyət nümayəndələri aktiv iştirak etmişlər.
Aksiya çərçivəsində 400 ədəd ağacı əkilib. Eyni zamanda ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Bu nəcib təşəbbüs ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nə YAP Suraxanı rayon təşkilatının çoxminli üzvlərinin vermiş olduğu faydalı töhfələrdəndir.