Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Elzar Yusubovun anım günü qeyd olunub
09 oktyabr şəhid leytenant Yusubov Elzar Suleyman oğlunun şəhadətinin ikinci ildönümüdür. Şəhidimizin anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin cari qayğıları ilə maraqlanmışlar.
Şəhid Yusubov Elzarın Hövsan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı və bulaq – abidə kompleksi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidin anım günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Yusubov Elzarın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.