Suraxanı rayonunda “Ulu Öndəri Qəlblərdə Yaşadan Nəğmələr” adlı tədbir keçirmişdir

Suraxanı rayonunda “Ulu Öndəri Qəlblərdə Yaşadan Nəğmələr” adlı tədbir keçirmişdir

08 may 2026-cı il tarixində Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində YAP Suraxanı rayon təşkilatının, Əmircan Bələdiyyəsinin  və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təqdim etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş “Ulu Öndəri Qəlblərdə Yaşadan Nəğmələr” adlı tədbir keçirmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova və digər şəxslər iştirak etmişlər.

Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin ömür yoluna nəzər salaraq qeyd etmişdir ki, dahi şəxsiyyət, görkəmli dövlət xadimi Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyinə günəş kimi doğan Heydər Əliyevin xilaskar adı tarixə qızıl hərflərlə yazılmışdır. Vüqar Seyidov xüsusi olaraq vurğulamışdır ki, bu gün Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Prezident, YAP-ın sədri cənab  İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflər gerçəkləşir. Müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına əminlik yaradır.

Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov çıxış edərək demişdir ki, danılmaz həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanan bir amildir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. 

Əmircan Bələdiyyəsinin sədr müavini, YAP yerli təşkilatının ƏPT sədri Cəmilə Ağayeva öz nitqində Ulu Öndər Heydər Əliyev tərəfindən daim azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olması, vahid, bölünməz Azərbaycanı qoruyub saxlanması və möhkəmləndirilməsi üçün vasitə olduğunu vurğuladığını diqqətə çatdırdı. Tədbir Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim-şagird kollektivinin ifalarında nümunəvi nömrələrlə davam etmişdir.

Tədbirin sonunda bir qrup YAP üzvünə partiya vəsiqələri təqdim olunmuşdur.