Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının təqdimatında, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 17 iyun 2026-cı il tarixdə Suraxanı Tibb Mərkəzinin inzibati binasında “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə “Tibbdə Davamlı və Dayanıqlı İnkişaf Sağlam Cəmiyyət Deməkdir” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonunda fəaliyyət göstərən tibb ocaqlarının rəhbərləri və bir qrup nümayəndə iştirak etmişlər.
Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının, eləcə də səhiyyəmizin inkişafında əməyi olan, dünyasını dəyişən tibb işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov əlamətdar gün münasibətilə başda partiyanın Suraxanı rayon təşkilatının fəal üzvləri olan həkimlər və tibb işçiləri olmaqla, insan sağlamlığının keşiyində dayanan, şəfa verməyi həyat amalına çevirən bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etmişdir. Yerli təşkilatın sədri xüsusi olaraq vurğulamışdır ki, tibbdə davamlı və dayanıqlı inkişaf sağlam cəmiyyət deməkdir. Prezident cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın bu sahədə əməyi və xidmətləri müstəsna əhəmiyyət kəsb edir.
YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədri, Ağciyər Xəstəlikləri Mərkəzi Publik Hüquqi Şəxsin Uşaq Xəstəxanasının baş həkimi Ceyhun Əliyev və ərazi partiya təşkilatının sədr müavini, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının həkimi Aynurə Əzizova çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər. Natiqlər qeyd etmişlər ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksek səviyyədə davam etdiyini göstərir.
Daha sonra “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə Fəxri Fərman və Təşəkkürnamələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.