Suraxanı rayonunda şəhid Səbuhi Əsədovun anım günündə xatirəsi ehtiramla yad edilib

Suraxanı rayonunda şəhid Səbuhi Əsədovun anım günündə xatirəsi ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Əsədov Səbuhi Azər oğlunun xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova və Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər,  Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Bülbülə qəsəbəsində məzarı ziyarət edilib, üzərinə güllər düzülüb, ruhuna dualar oxunub, daha sonra ehsan süfrəsi açılıb.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon İcra Hakimiyyəti başçısı ölkəmizdə, o cümlədən Suraxanı rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərildiyini, onların xatirəsinin əbədiləşdirilməsi, xatirələrinin daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini vurğulayıb. RİH başçısı 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.
Ə.Əzizov həmçinin işğaldan azad edilmiş ərazilərdə artıq beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb. O, qeyd edib ki, belə tədbirlərin iştirakçıları erməni vandallığının, həmçinin ərazilərdə aparılan bərpa-tikinti işlərinin canlı şahidi olurlar. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdam rayonunda keçirildi.
RİH başçısı Ağdamda aparılan bərpa-tikinti işlərindən də söhbət açaraq deyib ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-bərpa işlərini geniş vüsət alıb, artıq bir neçə yaşayış evinin tikintisinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış Böyük Qayıdış Proqramının icra tempi göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhidimizin məzun olduğu R.Abidov adına 85 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.