Suraxanı rayonunda Şəhid Röyal Balaşzadənin il mərasimi keçirilib

Suraxanı rayonunda Şəhid Röyal Balaşzadənin il mərasimi keçirilib
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun il mərasimi keçirilib.
Sentyabrın 17-də Suraxanı Rayonunda keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Daha sonra açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuş Balaşzadə Röyal Atduxan oğlu ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailəsi ilə birgə Bakıya köçən Röyal 2010-cu ildə yaşadığı Suraxanı rayonu Dədə Qorqud yaşayış sahəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, peşə məktəbinə daxil olub.
2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılan Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir.
2022-ci il 14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində Röyal şəhid olur. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud yaşayış sahəsinə gətirilir, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şəhid Röyal Balaşzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Balaşzadə Röyal Atduxan oğlunun timsalında Allahdan bütün şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.