2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş qəhrəmanlarımız Şirinov Polad Seyran oğlunun və Balaşzadə Röyal Atduxan oğlunun bu gün anım tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİHB-nin müavinləri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidlərin məzarları ziyarət edilərək gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, xatirələri ehtiramla anılıb.
Daha sonra açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını və unudulmayacağını bildirən RİH başçısı Adil Əliyev Şəhidlərin doğmalarına səbr diləyib. O, qeyd edib ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən şəhidlərimizin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını ifadə ediblər.