Oktyabrın 11-də Q.Abbasov adına Mədəniyyət sarayında "Mübarizlər" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Mübarizlər yolu: gəncliyimizin qələbəsi" adlı layihəsi çərçivəsində 44 günlük Zəfərə həsr edilmiş “Mübarizlər yolu” adlı teatr tamaşası nümayiş olunub. “DUA lab” yaradıcılıq qrupunun heyəti tərəfindən ərsəyə gətirilən teatr tamaşada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər qonaqlar iştirak ediblər.
“Mübarizlər” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Gülnar Nəsibli tədbiri açıq elan etdikdən sonra tamaşa nümayiş olunub. Tamaşadan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək təəssüratlarını bölüşüb, eləcə də Zəfər salnaməsinin şanlı 44 günü haqqında danışaraq qeyd edib ki, Azərbaycan xalqı tarixi qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Tədbirdə Yeni Baxış İctimai Nəzarət Təşkilatının sədri Mais Əliyev, Qan Donorları Assosiasiyasının rəhbəri Fuad Əsgərov çıxış edərək vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımızın daim Azərbaycan xalqının qəlbində yaşayacağını, onların göstərdikləri qəhrəmanlığın isə tarixdə əbədi qalacağını, bayrağımızın hər zaman zirvələrdə dalğalanacağını bildiriblər.