Aprelin 25-də YAP Suraxanı Rayon Təşkilatının, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təqdimatında Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə göz müayinəsi aksiyası və “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, şəhid ailələri, rayonun səhiyyə və təhsil müəsissələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziza xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd edib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün müəyyən ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Belə insanlardan biridə görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Yerli təşkilatın sədri vurğuladı ki, Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və silahdaşı idi. Ən təhlükəli vaxtlarda belə Zərifə xanım öz dəyərli həyat yoldaşını bir an belə tək qoymamışdır.
Milli Məclisin deputatı Etibar Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur və 43 saylı Şəhər Poliklinikasının oftalmoloqu Dürdanə Kəngərli çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərib. Eyni zamanda, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.
Tədbir Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin “Dan Ulduzu” instrumental ansamblının, Şiraz qrupunun üzvləri Elmar Əmiraslanov və İsa Müseyibovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Elçin Nağıyevin, xalq artistiləri Gülyaz və Gülyanaq Məmmədovaların konsert proqramı ilə davam etmişdir.