Suraxanı rayonunda “İdeyalar yaşayır” adlı tədbir keçirilib

Suraxanı rayonunda “İdeyalar yaşayır” adlı tədbir keçirilib
Mayın 5-də Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 36 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İdeyalar yaşayır” adlı tədbir keçirilib.
Tədbirdə rayon idarə və müəssisələrin əməkdaşları, FHN və Dövlət Gömrük Komitəsinin Akademiyasının kursantları, məktəblilər iştirak ediblər.
Tədbir dahi şəxsiyyət Heydər Əliyevin abidəsinin önünə gül qoyulması ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra “Böyük ömrün anları” adlı film nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi Vəfa Mahmudova , Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Vəfa Qüdrətli, 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Raminə Ağayeva, çıxışlarında qeyd ediblər ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanan Heydər Əliyev irsi sadəcə keçmişin xatirəsi deyil, gələcəyə aparan sarsılmaz bir yol xəritəsidir. Onun təməlini qoyduğu müstəqillik strategiyası hazırda regionun liderinə çevrilən, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli Azərbaycanın simasında öz təsdiqini tapır.
Bədii hissədə Ulu Öndərin sevdiyi mahnılar 36 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında təqdim olunub. Daha sonra Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə əməkdaşlığına görə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, həmçinin “Heydər Əliyev Azərbaycanın memarı” layihəsi üzrə məktəblərdə keçirilən açıq dərslərdə fəal iştiraklarına görə Suraxanı rayon 85, 65, 281, 104, 89 nömrəli tam orta məktəblərin şagirdləri təltif olunublar.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.