Suraxanı Rayonunda “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilmişdir

Suraxanı Rayonunda “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilmişdir
21 dekabr 2023-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirildi. Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Yetkinlik yaşına çatmayanlarla iş üzrə profikaktiki bölmənin inspektor polis kapitanı İlahə Balayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Yasamal rayon Heydər Əliyev Mərkəzi və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, “Heydər Əliyev və Suraxanı rayonu” layihəsinin iştirakçıları, rayon ictimaəti və məktəblilər iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular. Mərkəzin lektoriya zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edildi. Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxış edərək bildirdi ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O öz həyatını doğma xalqına həsr etmişdir. Cəmiyyətin ictimai siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır.
Xəyalə Mahmudova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin irsinin təbliği, tədqiqi, ideoloji işin gücləndirilməsi sahəsində müxtəlif səpkili tədbirlər həyata keçirildiyini vurğuladı. O, qeyd etdi ki, tədbirlərə rayon gəncləri, məktəblilər, idarə və müəsissələr cəlb olunmuşdur. Suraxanı rayon Heydər Əliyev Mərkəzinin 2023-cü il ərzində 9000-dən çox ziyarətçisi olmuş, müxtəlif dillərdə 300-ə yaxın ekskursiya aparılmışdır. İl ərzində mütəmadi olaraq dəyirmi masa, panel-diskusiya, mühazirə-seminar, açıq dərs, sərgi, film nümayişi, elmi-praktik konfrans və tədbirlər keçirilmişdir. “Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev-100” adlı rəsm, qiraət, esse və videoçarx müsabiqələri, “Bir eksponatın tarixi”, “Heydər Əliyev və Suraxanı rayonu” adlı layihələr həyata keçirilmişdir.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. “Heydər Əliyev və Suraxanı rayonu” layihəsinin iştirakçılarıdan “Qızıl qələm” və “Səməd Vurğun” mükafatı laureatı, neftçi-şair, publisist Zəməddin Həmişəyev, Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi, eyni zamanda Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Əliyevşunaslıq şöbəsinin dissertantı Rübabə Əbiyeva, çoxqat Azərbaycan çempionu, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, əməkdar bədən tərbiyəsi və İdman xadimi Vahid Nəzərov, Azərbaycanın ən gənc Milli Qəhrəman anası Lalə Rəhimova çıxış edərək, Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşdülər.
Tədbir bədii hissə ilə davam etdi. Suraxanı rayon 84 və 327 nömrəli məktəbin şagirdlərinin Ulu Öndər Heydər Əliyevə həsr olunan şeir kompozisiyası, 3 nömrəli Uşaq İncəsənət Məktəbi və 36 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri, “Star” rəqs qrupunun ifası tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratdı.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin təbliği sahəsində gördüyü işlərdə fəal iştirak etdiyinə görə fərqlənən məktəb və müəsissələr təşəkkürnamə ilə təltif olundular.
Sonda xatirə şəkli çəkildi.