Suraxanı rayonunda “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs təşkil olunmuşdur
Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs təşkil olunmuşdur. Birgə təşkil olunmuş dərsdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sektor müdiri Günay Qurbanova, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Zəkiyyə Hacıyeva və Suraxanı rayon məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, gənclər həyatlarının elə bir dövrünə qədəm qoyublar ki, bu mərhələdə onlar yalnız öz gələcəyi haqqında deyil, eyni zamanda da vətənin, dövlətin gələcəyi haqqında düşünməlidirlər. Gənc məktəbliləri belə gümrah, sağlam, ağıllı, intelektual səviyyəsi yüksək gördükcə Azərbaycan xalqının üfuqdə və gələcəkdə də nurlu sabahlara sahib olacağına böyüklərin, valideynlərin ümidləri artır. Vüqar Seyidov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş, informativ məruzə ilə çıxış edərək dedi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi onun fəaliyyəti qədər zəngindir. Siyasi irs dedikdə onun uzun illər siyasi fəaliyyəti nəticəsində əldə olunmuş təcrübələrin özündən sonrakı nəsillər tərəfindən öyrənilməsi, təhlil edilərək nəticə çıxarılması və ölkəmizin gələcək inkişafı naminə istifadə olunmasıdır. Yerli təşkilatın sədri vurğuladı ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin banisi Heydər Əliyevdir. Hələ ən qanlı-qadalı günlərdə, bütün həyati əhəmiyyətə malik digər sahələrlə yanaşı gənclər sahəsinə də diqqət yetirən Ulu Öndər Heydər Əliyevin uzaqgörən yanaşmaları sayəsində 1994-c ildə Gənclər və İdman Nazirliyi təsis olundu, 1996-cu ildə gənclərin ilk forumu keçirildi, 1997-ci ildə milli gənclər günü olan - 2 fevral tarixi Azərbaycan gənclərinə ərməğan olundu. Baxın, bunun özü də gələcək nəsillərə Heydər Əliyev siyasi irsinin bir töhfəsidir. YAP rəsmisi xüsusi qeyd etdi ki, dövlət başçısı və doğma partiyanın sədri cənab İlham Əliyevin apardığı siyasətin analoqunun olmadığını, yəni onun qarşısında başqa bir siyasi xəttin uğur qazanmayacağını rasional düşüncə tərzinə malik hər bir sadə vətəndaş anlayır. Gözlə görülən uğurları danmaq, onları olmamış kimi qəbul etmək ən yumşaq ifadə ilə desək, siyasi korluq olardı. O dedi, 90-cı illərin əvvələrində yaşamış və o dövrdə gənc olmuş biri kimi əmindir ki, əgər Ulu Öndər hakimiyyətə gəlməsə və milli qurtuluşumuz gerçəkləşməsə idi, nə bugünkü gəncliyimiz, nə də o gəncliyin əldə etdiyi uğurlarımız olacaqdı. Cənab İlham Əliyevin özü də Heydər Əliyev siyasi irsinin həm ən görkəmli nümayəndəsi, həm də ən layiqli qoruyucusudur!
114 saylı tam orta məktəbin tarix müəllimi Rza Eyvazlı da məktəblilərin qarşısında Heydər Əliyevin siyasi irsi ilə bağlı dərin məzmunlu çıxış edərək bildirdi ki, Heydər Əliyev fenomeni Azərbaycan xalqının müasir milli azadlıq mübarizəsinin, milli özünüdərkinin əsasını təşkil etməkdədir. Müdrik xalqımız onun nurlu işığının ətrafında birləşərək özünün milli qurtuluşunu gerçəkləşdirə bilmişdir. 15 iyun 1993-cü ildə milli qurtuluş tariximiz də məhz belə yazıldı. Xalq ən çətin, çıxılmaz vəziyyətdə qalanda özünü xalqına qurban verən mərd, igid və müdrik Heydər Əliyev artıq məsuliyyəti öz üzərinə götürmüşdü. Əslində tarixdə təkərrür-təkrar adi haldır. Azərbaycan xalqının da həyatında belə hallar yaşanmışdır. Necə ki, illər öncə xalq Heydər Əliyevin ətrafında vahidləşə, bütövləşə, birləşə bildi, Vətən Müharibəsi ərəfəsində də xalq Prezident İlham Əliyevin ətrafında bir dəmir yumruğa döndü və düşmənin başını əzdi. Milli qurtuluşumuzun baş verdiyi o günlərdə də xalq öz rəhbərinin ətrafında sıx birləşə bilmişdi.
Sonda “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda rəsmi şəxslər Suraxanı məktəblilərinin suallarını cavablandırmışlar.