Suraxanı rayonunda “Gənclər, Gələcək Sizinlə Gələcək!” adlı bayram tədbiri keçirilmişdir
2 fevral 2026-cı ildə tarixində Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təqdimatında “2 Fevral - Azərbaycan Gəncləri Günü” və Azərbaycan Gənclərinin ilk Formunun keçirilməsinin 30 illik yubileyinə həsr olunmuş “Gənclər, Gələcək Sizinlə Gələcək!” adlı bayram tədbiri keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov gəncləri təbrik edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev ölkə gənclərinin ilk forumunu təşkil etdi və “2 fevral – Azərbaycan Gəncləri Günü”nü ərmağan etdi. Məhz bu tarixdən sonra gənclərin önü açıldı. Vüqar Seyidov onu da vurğulamışdır ki, heç kimdə şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident, YAP-ın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bir çox digər sahələrdə olduğu kimi Azərbaycan gəncliyinin inkişafında da Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirmiş və daha da zirvələrə daşımışdır. Cənab Prezidentin Azərbaycanda gənclərin inkişafı naminə həyata keçirdiyi islahatlar bu gün öz nəticəsini verməkdədir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin gənclərə olan münasibətinin özü belə Ulu Öndər Heydər Əliyevin siyasi mirasıdır. Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu gənclər gününü qeyd edir.
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Zəkiyyə Hacıyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəalı Fatimə Pənahova və gənc tədqiqatçı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupunun və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəal üzvü Hüseyn Quliyev öz növbələrində çıxış edərək dedilər ki, dünya gəncləri arasında özlərinə məxsus günləri olan gənclərin sayı çox azdır. Bu, sadəcə qayğı, diqqət deyil, həm də gənclərin daxili enerjilərinin, özlərinə güvənlərinin artmasına səbəbdir. Ulu Öndər Heydər Əliyevin xalqı və xalqının işıqlı gələcəyi qarşısında müstəsna xidməti idi.
Suraxanı rayonunun ictimai və ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc “FƏXRİ FƏRMAN” və “TƏŞƏKKÜRNAMƏ” ilə təltif olunmuşdur.
Daha sonra tədbirin bədii hissəsi YAP Suraxanı rayon təşkilatının fəal gənclərinin nümunəvi çıxışları ilə davam etmişdir.