Suraxanı rayonunda “Estafet Sizindir, Gənclər!” adlı tədbir keçirilmişdir

Suraxanı rayonunda “Estafet Sizindir, Gənclər!” adlı tədbir keçirilmişdir

28 oktyabr 2025-ci il tarixdə Suraxanı Gənclər Evində YAP Suraxanı rayon təşkilatının təqdimatında  2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Estafet Sizindir Gənclər!” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Cəbi Quliyev və gənclər iştirak etmişlər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. YAP Suraxanı rayon təşkilatının ətrafında birləşən gənclərin keçmişdən bu günə qədər könüllü fəaliyyətlərini özündə əks etdirən “Estafet Sizindir, Gənclər!” adlı video-çarxı nümayiş olunmuşdur.

Daha sonra Qarabağ Universitetində təhsil alan bir qrup Suraxanı rayon gəncinin Xankəndi şəhərindən tədbir iştirakçılarına onlayn formatda canlı müraciəti dinlənilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov gəncləri salamlayaraq bildirdi ki, müasir Azərbaycan gəncliyini sözün bütün mənalarında uğurlu gənclik hesab etmək olar. Çünki, onların yolları Ulu Öndər Heydər Əliyevlə kəsişmiş, sonradan isə yolları və taleləri Ümummilli Liderlə birləşmişdir. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident, YAP-ın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bir çox digər sahələrdə  olduğu  kimi Azərbaycan gəncliyinin inkişafında da Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirmiş və daha da zirvələrə daşımışdır. Cənab Prezidentin Azərbaycanda gənclərin inkişafı naminə həyata keçirdiyi islahatlar bu gün öz nəticəsini verməkdədir.

Yerli təşkilatın sədri YAP Suraxanı rayon təşkilatının gənclər sahəsindəki fəaliyyətinə də toxunaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının uzun illərdir ki, gənclərin yetişdirilməsi işində təkmilləşmiş təcrübəsi vardır. Qürurla deyə bilərəm ki, sıralarımız hər gün daha da artmaqdadır. Bu gün YAP Suraxanı rayon təşkilatı gənclərlə bağlı bir çox layihə həyata keçirməkdədir. Özünü ictimai-siyasi sferada sınamaq istəyən və özünə güvənən gənclər bizim ətrafımızda birləşməkdədirlər..

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirdi ki, Ulu Öndər, Ümummilli Lider mərhum Heydər Əliyev 2 Fevralı Azərbaycanda Gənclər Günü elan etdi. Heydər Əliyevin post-sovet dövründə Şərqi Avropada və MDB ölkələrində ilk hesab olunan belə  bir günü təsis etməsi ilə müstəqil Azərbaycan Respublikasının gənclər siyasətində yeni bir epoxa başlamış oldu.  Ötən illər ərzində Azərbaycanda gənclər sahəsində dövlət siyasəti kompleks şəkildə hazırlanıb və həyata keçirilib.

RİH-nin başçısı vurğulamışdır ki, aparılmış siyasət nəticəsində ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişikləri əldə edilmiş, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artmışdır. Heydər Əliyev gəncləri ölkənin həm bu günü, həm də sabahı hesab edirdi. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin sayəsində gənclərimiz bu günümüzə çevrildilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər idi. Vətən müharibəsindəki qələbə həm də gənclərlə bağlı 25 illik dövrün məntiqi yekunu idi. 

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri, YAP Suraxanı rayon təşkilatının gənc fəalı Şəbnəm İbrahimli, Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaranan Dövlət Sosial Müdafiə Fondunun “Sosial Tərəfdaş” könüllülərinin sədri, YAP Suraxanı rayon təşkilatının gənc fəalı Sübhan Şərifov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, YAP Suraxanı rayon təşkilatının gənc fəalı Yusif Quliyev çıxış edərək əldə etdikləri əsaslı uğurlarda YAP Suraxanı rayon təşkilatının rolunu xüsusi qeyd etmişlər.

Bakı Slavyan Universitetinin IV kurs tələbəsi, YAP Suraxanı rayon təşkilatının gənc fəalı Əminə Süleymanzadə, Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu,  YAP Suraxanı rayon təşkilatının gənc fəalı Hüseyn Quliyev, Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi, YAP Suraxanı rayon təşkilatının gənc fəalı Aysun Əliyeva,  “Zəfər” ordenli şəhid Polkovnik Babək Samidlinin oğlu, Xəzər Universitetinin II kurs tələbəsi, YAP Suraxanı rayon təşkilatının gənc fəalı Mətləb Samidli çıxış edərək YAP ilə yeni tanış olan gəncləri gələcək ictimai və siyasi fəaliyyətini qurmaq üçün, Vətənə layiqli xidmət etmək üçün ilk addımı ataraq YAP-a üzv olmağa dəvət etmişlər.

Tədbir gənclərlə qarşılıqlı dialoq formatında davam etmişdir.