Suraxanı rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur
Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Abil Səfərov adına 114 №-li tam orta məktəbdə təşkil olunmuşdur. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bir daha şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RİH başçısı sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, gənclərin pis vərdişlərə qurşanmamaları üçün cəmiyyətimizdə kifayət qədər imkanlar vardır. Hər kəsə məlumdur ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. Prezident cənab İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində vətəndaşın dayandığını hər zaman xüsusi vurğulayır. Gənclərin hərtərəfli püxtələşməsi, pis vərdişlərdən uzaqlaşması məqsədilə onlarda idmana, təhsilə, mədəni-kütləvi tədbirlərə, ictimai fəaliyyətə olan marağın artırılması istiqamətində Yeni Azərbaycan Partiyası bir çox ölkə miqyaslı layihələr həyata keçirməkdədir.
Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.
Daha sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunmuşdur.