Suraxanı rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib

Suraxanı rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlillər Günü”nə həsr olunan tədbirdə RİH başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və şöbə müdirləri, sağlamlıq imkanları məhdud sakinlər, ictimai təşkilatların nümayəndələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli şəxslərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.
Daha sonra Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin və canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dövlət tərəfindən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışaraq Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib. O, bildirib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən fiziki məhdudiyyətli vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, onları narahat edən problemlər həllini tapır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da fiziki məhdudiyyətli sakinlər diqqət və qayğı ilə əhatə olunub.
Həmçinin, Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdullayeva, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri, Para Velosiped idman növü üzrə Paralimpiya Milli komandasının baş məşqçisi, ARB telekanalının aparıcısı, jurnalist Amid Həsənquliyev çıxış edərək respublikamızda fiziki məhdudiyyətli şəxslərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların və sevilən müğənnilərin təqdimatında bədii hissə nümayiş olunub, eləcə də doğum günü olan fiziki məhdudiyyətli sakinlərə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.