Suraxanı rayonunda “Azərbaycanın dövlətçilik tarixi: Zamana sığmayan Liderin Naxçıvandan başlanan tarixi missiyası” adlı tədbir keçirilmişdir
16 dekabr 2024-cü il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatnın və Bakı Şəhəri üzrə Təsil İdarəsinin birgə təqdim etdiyi “Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri çərçivəsində “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək “Azərbaycanın dövlətçilik tarixi: Zamana sığmayan Liderin Naxçıvandan başlanan tarixi missiyası” adlı tədbir keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi tədbir iştirakçıları tərəfindən ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Suraxanı rayon ümumi təhsil müəssisələrinin direktorları və 11-ci sinif şagirdləri Suraxanı rayonunda fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərləri – YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş nitqi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə ətraflı nəzər salmışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi onun fəaliyyəti qədər zəngindir. Siyasi irs dedikdə onun uzun illər siyasi fəaliyyəti nəticəsində əldə olunmuş təcrübələrin özündən sonrakı nəsillər tərəfindən öyrənilməsi, təhlil edilərək nəticə çıxarılması və ölkəmizin gələcək inkişafı naminə istifadə olunmasıdır. Vüqar Seyidov xüsusi olaraq qeyd etmişdir ki, Ulu Öndərin əsas siyasi quruculuq fəaliyyəti müstəqil Azərbaycan Respublikasının qurulduğu və Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrə təsadüf edir. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını özünün “Şah əsəri” adlandırırdı. Ulu Öndər də yaratdığı ən gözəl əsərinin Azərbaycan Respublikası olduğunu vurğulayaraq və onun inkişafına, tərəqqisinə bir ömür həsr etmişdir. Vüqar Seyidov qeyd etmişdir ki, Ümummilli Liderin xalqına töhfəsi yalnız onun milli qurtuluşunu təmin etmək və milli birliyini qoruyub saxlamağı olmamışdır. O eyni zamanda da xalqın gələcəyini Prezident, YAP-ın sədri cənab İlham Əliyev kimi ən layiqli davamçısı vasitəsi ilə təmin edə bilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev çıxış edərək demişdir ki, Heydər Əliyev fenomeni Azərbaycan xalqının müasir milli azadlıq mübarizəsinin, milli özünüdərkinin əsasını təşkil etməkdədir. Müdrik xalqımız onun nurlu işığının ətrafında birləşərək özünün milli qurtuluşunu gerçəkləşdirə bilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, Ulu Öndər həyatı və fəaliyyəti dövründə bir çox sınaqlardan çıxmağı bacaran müdrik şəxsiyyət idi. Onun üçün zamanın və məkanın heç bir fərqi yox idi. Xidmət, xalqa sədaqət Ulu Öndərin hər zaman amalı olmuşdur.
Milli Məclisin deputatı cənab Vüqar Rəhimzadə çıxış edərək öz gənclik illərini xatırlamış və o dövrdə Ulu Öndər Heydər Əliyevlə görüşünü xoş bir xatirə kimi məktəblilərin diqqətinə çatdırmışdır. Milli Məclisin deputatı bildirmişdir ki, xalq ən çətin, çıxılmaz vəziyyətdə qalanda özünü xalqına qurban verən mərd, igid və müdrik Heydər Əliyev artıq məsuliyyəti öz üzərinə götürmüşdü.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov da öz növbəsində Ulu Öndər Heydər Əliyevlə gənc yaşlarında baş tutan görüşlərini əziz və xoş xatirə kimi yada salmışdır. Bəxtiyar Əsgərov demişdir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin banisi Heydər Əliyevdir. Hələ ən qanlı-qadalı günlərdə, bütün həyati əhəmiyyətə malik digər sahələrlə yanaşı, Ulu Öndər Heydər Əliyev gənclər sahəsinə də öz diqqətini əsirgəməmişdir.
“Azərbaycanın dövlətçilik tarixi: Zamana sığmayan Liderin Naxçıvandan başlanan tarixi missiyası” dərsinin məruzəçisi, Bakı şəhəri, 276 nömrəli tam orta məktəbin tarix müəllimi Elxan Quliyev də Ulu Öndərin fəaliyyətinə geniş nəzər salaraq bildirmişdir ki, 20 Yanvar hadisəsi mərhum Ulu Öndər Heydər Əliyevin böyük bir imperiyanın mərkəzində, dünyanın ən təhlükəli xüsusi xidmət orqanlarından biri, bəlkə də birincisi olan “KQB”-nin təqibində ola-ola xalqı naminə zülmə, ədalətsizliyə, şər qüvvələrə qarşı gəlmişdir.
YAP Suraxanı rayon təşkilatının fəal gənci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Ayxan Aslanlı çıxış edərək tarixi hadisələrə, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə bir gəncin gözündən baxaraq nəzər yetirmişdir. Ayxan Aslanlı 18 yaşı tamam olan kimi YAP üzvü olduğu üçün qürur duyduğunu bildirmişdir.
Daha sonra məktəbliləri maraqlandıran suallar görüş iştirakçıları tərəfindən cavablandırılmışdır. Tədbir məktəblilərin ifasında olan müsiqi nömrələri ilə davam etmişdir.
Sonda YAP Suraxanı rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən partiya üzvlərinə Fəxri Fərmanlar təqdim edilmişdir.