Suraxanı Rayonunda "“Azərbaycan Konstitusiyası: Milli Dövlətçiliyimizin və Zəfərimizin Hüquqi Əsası” adlı panel diskussiya keçirilmişdir

Suraxanı Rayonunda "“Azərbaycan Konstitusiyası: Milli Dövlətçiliyimizin və Zəfərimizin Hüquqi Əsası” adlı panel diskussiya keçirilmişdir

12 noyabr 2025-ci il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində YAP Suraxanı rayon təşkilatının təqdim etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş “Azərbaycan Konstitusiyası: Milli Dövlətçiliyimizin və Zəfərimizin Hüquqi Əsası” adlı panel diskussiya keçirilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Mübariz Qurbanlı, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Elvin Quliyev, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsinin önünə tər güllər düzərək, ehtiramlarını ifadə ediblər. Daha sonra milli konstitusiyamızın və müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və konstitutsion quruluş, suveren və müstəqil dövlətçiliyimiz uğrunda canını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.


Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri müstəqil dövlətin yeni konstitusiyasının hazırlanması oldu. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. Vüqar Seyidov xüsusi olaraq vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ali qanunumuz bütün ölkə ərazisində tətbiq olunmaqdadır.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxış edərək konstitusiyanın hazırlanması dövrünə nəzər salaraq demişdir ki, Ümummilli Lider Heydər Əliyev bu zərurəti hər zaman dərin tarixi və siyasi məsuliyyət hissi ilə izah etmişdir. Onun “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” fikirləri bu sənədə yanaşmada iki mühüm istiqaməti – milli-mənəvi kimliyin qorunmasını və demokratik dəyərlərə inteqrasiyanı vəhdətdə əks etdirir. Mübariz Qurbanlı onu da qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün hüquqi baza yaratmış, hakimiyyət bölgüsünün prinsiplərini müəyyən etmişdir. İnsan və vətəndaş hüquqları ilə azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanlarının əsas vəzifəsi kimi təsbit olunub.

Suraxanı Rayon Prokrorluğunun müstəntiqi Elvin Quliyev çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutan prokurorluq orqanlarının fəaliyyəti yalnız tarixi fakt kimi yox, həm də Azərbaycan dövlətçiliyinin yetkinliyinin göstəricisi kimi dəyərləndirilir. Prokurorluq orqanlarının konstitusiyaya uyğun institusional işi, peşəkar kadrlara söykənən fəaliyyəti hər bir vətəndaşın etimadının qazanılmasına səbəb olur.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin I kurs tələbəsi, YAP Suraxanı rayon təşkilatının fəal gənci Bəyimxanım Məlikova çıxış edərək vurğulamışdır ki, konstitusiyamızda siyasi plüralizm prinsipi təsbit olunub. Bu prinsip çərçivəsində gənclərin siyasi proseslərə daha aktiv cəlb olunması üçün hüquqi mexanizmlərin genişləndirilməsi vacib amildir. Bəyimxanım Məlikova qeyd etmişdir ki, Azərbaycan gəncliyi öz hüquq və vəzifələrini dərindən dərk edir.

Daha sonra tədbir auditoriyanı maraqlandıran sualların natiqlər tərəfindən cavablandırılması ilə davam etmişdir. Sonda partiya sıralarına yeni qəbul olmuş bir qrup üzvə partiya vəsiqələri təqdim olunmuşdur.