Suraxanı rayonunda "Arxi-Kod: Şəhərlərin Rəqəmsal İnqilabı" adlı tədbir keçirilib
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada müasir təhsilin və yüksək texnologiyaların təntənəsi olan möhtəşəm tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Arxi-Kod: Şəhərlərin Rəqəmsal İnqilabı" adlı layihə rəqəmsal dünyanın imkanları ilə milli dəyərlərin vəhdətini nümayiş etdirib.
Tədbirin rəsmi hissəsindən öncə qonaqlar şagirdlərin böyük məharətlə hazırladığı STEAM layihələri ilə tanış olublar. Arduino platforması üzərində proqramlaşdırılmış intellektual sistemlər və innovativ qurğular gənc nəslin mühəndislik potensialını ortaya qoyub. Şagirdlərin hazırladığı robototexnika nümunələri və avtomatlaşdırılmış idarəetmə modelləri gələcəyin "Ağıllı şəhər" konsepsiyasına baxışın real təzahürü kimi rəsmi qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb.
Tədbirin ən emosional və texnoloji baxımdan ən mürəkkəb hissəsi Ümummilli Lider Heydər Əliyevin süni intellekt texnologiyası vasitəsilə hazırlanan videoçarxı olub. Müasir rəqəmsal alətlərin köməyi ilə hazırlanan bu görüntülərdə Ulu Öndərin Qarabağa qayıdışı və torpaqlarımızın azadlığı ideyası canlandırılıb. Bu yüksək texnoloji təqdimat izləyicilərdə böyük qürur hissi oyadaraq, dahi şəxsiyyətin irsinin gələk nəsillər tərəfindən ən müasir vasitələrlə yaşatıldığını bir daha sübut edib.
Bədii proqramın davamında nümayiş olunan "Sehirli xalat" tamaşası klassik motivləri rəqəmsal dövrün reallıqları ilə birləşdirib. Tədbirə xüsusi rəng qatan məqamlardan biri isə şagirdlərin ifasında təqdim olunan milli rəqs və xorda ifaları olub. Tamaşa çərçivəsində təqdim olunan robotların xüsusi proqramlaşdırılmış rəqsi isə şagirdlərin informatika sahəsindəki bacarıqlarının bədii təzahürü kimi maraqla izlənilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin deputatı cənab Qaya Məmmədov bu cür layihələrin gənc nəslin intellektual inkişafında müstəsna rolunu qeyd edib. Deputat vurğulayıb ki, müasir Azərbaycan gəncliyi texnoloji yenilikləri mənimsəməklə yanaşı, onları milli-mənəvi dəyərlərlə sintez etməyi bacarır və bu, ölkəmizin gələcək rəqəmsal inkişafının təminatıdır. Tədbirdə həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Ləman Həşimova və YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iştirak edərək, təqdim olunan layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Gimnaziyanın direktoru Xəyalə Veyisova öz çıxışında qonaqları salamlayaraq "Arxi-Kod" layihəsinin ərsəyə gəlməsində əməyi olan müəllim və şagird kollektivinə təşəkkürünü bildirib. Direktor qeyd edib ki, müəssisənin əsas hədəfi şagirdləri sadəcə texnologiya istifadəçisi deyil, həm də yeni rəqəmsal həllər yaradan mütəxəssislər kimi yetişdirməkdir.
Tədbirin sonunda rəsmi qonaqlar, müəllimlər və şagird kollektivi bu əlamətdar günü əbədiləşdirmək üçün bir araya gələrək xatirə fotosu çəkdiriblər. Səmimi atmosferdə keçən bu anlar innovasiya və milli ruhun birləşdiyi möhtəşəm tədbirin rəmzi yekununa çevrilib.