Suraxanı rayonunda, Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Suraxanı rayonunda, Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim  Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Aprelin 26-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Tibb elmləri doktoru, Professor, oftalmoloq, şair Paşa Qəlbinur və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə dövlət himninin səsləndirilməsindən və akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarxın nümayişindən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd etmişdir ki, bugünkü tədbirimiz də Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, onlarla həkim, ixtisaslı kadr yetişdirən Zərifə xanım Əliyeva öz tələbələri tərəfindən böyük sevgi və sayğı ilə anılmaqdadır. Zərifə xanımın həyatını mənalandıran nə varsa – onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti – hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnib. Zərifə xanımın insanlara həsr etdiyi hər mənalı günü xoş əməl naminə sərf olunub. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Vətənin qüruru sayılan iki övlad böyütmüş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır

Həmçinin, tibb elmləri doktoru, professor, oftalmoloq, şair Paşa Qəlbinur və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kəngərli çıxış edərək bildirmişdirlər ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərib. Eyni zamanda, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.

Tədbir bədii hissə ilə yekunlaşmışdır.