Suraxanı rayonunda “2 Fevral - Gənclər Günü” nə həsr olunmuş “Dəmir Əqidəli Gənc” adlı tədbir keçirilmişdir
2 fevral 2024-cü il tarixdə Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təqdim etdiyi “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş “Dəmir Əqidəli Gənc” adlı tədbir keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova, 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva, gənclər, şəhid ailələrinin nümayəndələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Daha sonra YAP Suraxanı rayon təşkilatı tərəfindən rayon sakini, Yeni Azərbaycan Partiyasının fəal gənci, Naxçıvan Müəllimlər İnstitutunda YAP Gənclər Birliyinin sədri olmuş Vətən müharibəsi şəhidi İslamlı Ruhid Uğur oğluna həsr olunmuş “Dəmir Əqidəli Gənc” adlı sənədli filmin təqdimatı olmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gəncləri “2 Fevral - Gənclər Günü” münasibəti ilə təbrik edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyət olaraq yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etməkdədir. Yerli təşkilatın sədri qeyd etmişdir ki, YAP öz ətrafında ən ləyaqətli, savadlı və vətənpərvər gəncləri toplaya bilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ictimaiyyəti adından Suraxanı rayon gənclərini “2 Fevral - Gənclər Günü” münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər Heydər Əliyev sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir/ Eyni siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən də həyata keçirilir.
Milli Məclisin deputatı Afət Həsənova qeyd etdi ki, göründüyü kimi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və cənab İlham Əliyev tərəfindən uğurla yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat, texnologiya və digər sahələrdə nəaliyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində mühüm rola malikdirlər.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirdi ki, bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutur. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, dövlətin gənclərə qayğısının təzahürüdür.
Milli Məclisin deputatı Etibar Əliyev çıxış edərək dedi ki, sağlam düşüncəli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Azərbaycan xalqı da gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevə borcludur.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Hikmət Babaoğlu çıxış edərək bildirdi ki, Azərbaycan gənci əldə etdiyimiz qalib xalq statusunu öz fəaliyyəti ilə daha da gücləndirməlidir. Bunun üçün bu günkü inkişaf və sabitlik, əldə olunmuş şanlı zəfər davam etməlidir.
Şəhid Ruhid İslamlının anası Təranə İslamova da çıxış edərək sənədli filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirmişdir. Şəhid anası qeyd etmişdir ki, onun ailəsi hər zaman dövlətin diqqət və qayğısını hiss etmşdir.
Şəhid atası Əlixan Əliyev, Respublikanın əməkdar artisti Ağalar Bayramov və YAP Suraxanı rayon təşkilatının fəal gənci Məhəmmədəli İsmayılov çıxış edərək dedilər ki, Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində Suraxanı rayon gənclərinin xüsusi rolu vardır. Natiqlər bildirmişlər ki, Suraxanı rayon gənclərinin bundan sonra da həyata keçirilən tədbir və layihələrdə fəal iştirak edəcəklərinə əmindirlər.
Daha sonra Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən fəallığı ilə seçilən bir qrup gənc Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşlar.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.