Suraxanı rayonuda “7-dən 17-yə Vətənpərvər” adlı tədbir keçirilmişdir
24 sentyabr 2026-cı il tarixdə Suraxanı rayonu 279 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Günü ilə əlaqədar "7-dən 17-yə Vətənpərvər" mövzusunda tədbir təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə Vətənə, dövlətə və milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və vətənpərvər nəslin formalaşdırılmasına töhfə verməkdir. Mərasim çərçivəsində şagirdlərin təqdim etdiyi bədii nümunələrdə Vətən sevgisi, şəhidlərin qəhrəmanlığı, şəhid ailələrinin fədakarlığı, eləcə də milli birlik və Zəfər ruhu ön plana çəkilib.
Anım mərasimi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Suraxanı rayonu 279 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Südabə Abdullayeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi İsmayıl Abbasov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, şəhid Xəyyam Əliyevin atası Əlixan Əliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva 27 Sentyabr – Anım Gününün xalqımızın tarixinə silinməz səhifə kimi yazıldığını vurğulayıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Şanlı Zəfərin mahiyyətini yeni nəsillərə aşılamaq istiqamətində təhsil ocaqlarının üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib. Şəhidləri vətənpərvər ruhda formalaşdıran təhsil müəssisələrində milli dövlətçilik ideologiyasının təbliğinin önəmini qeyd edən yerli təşkilat sədri, gənc nəslin yetişdirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. V.Seyidov Prezident, YAP-ın sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsinə, onların ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının hər bir vətəndaş üçün örnək olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında şəhidliyi insanın çata biləcəyi ən uca məqam adlandıraraq, şəhidlərin xatirəsinin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Deputat Azərbaycanda dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə hər zaman yüksək həssaslıqla yanaşıldığını bildirib. O, həmçinin xalqın müharibə dövründə nümayiş etdirdiyi milli birliyin və şəhid əmanətlərinə sahib çıxmasının cəmiyyətimizin mənəvi ucalığını bir daha təsdiqlədiyini ifadə edib.
Mərasimdə çıxış edən digər natiqlər də yeniyetmələr və gənclər arasında şəhidlərin qəhrəmanlıq hekayələrinin təbliğ olunmasının zəruriliyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən bu fədakar insanların xatirəsi təkcə rəsmi günlərdə deyil, davamlı olaraq mətbuatda, dərsliklərdə və sosial layihələrdə yaşadılmalıdır.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında “Şəhid məktubu”, “Şəhid anası”, “Sabah görüşərik” və “Qarabağ Zəfəri” adlı ədəbi-bədii kompozisiyalar, qiraət nümunələri və səhnəciklər təqdim olunub. Eyni zamanda tədbirdə “Xudayar təsnifi” səsləndirilib və 44 günlük Vətən müharibəsinin şanlı tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Anım tədbiri şagirdlərin birgə ifasında “Bizim Böyük Qələbəmiz” adlı şeir kompozisiyası ilə yekunlaşıb.