Suraxanı rayonu 84 nömrəli tam orta ümumtəhsil məktəbində "İnnovativ məktəb" layihəsinin təqdimatı keçirildi

Suraxanı rayonu 84 nömrəli tam orta ümumtəhsil məktəbində  "İnnovativ məktəb" layihəsinin təqdimatı keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində iştirak hüququ qazanan məktəbdə layihənin rayon ictimaiyyətinə, icma və valideynlərə təqdimatı keçirildi. Tədbirdə Suraxanı rayonu, 84 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Röya İslamova, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, məktəb icması, müəllim-şagird kollektiv və valideynlər iştirak etmişdirlər.

Öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Eyni zamanda məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanmış sərgi, STEAM və rəqəmsal bacarıqlar  dərslərində şagirdlərin hazırladığı layihələr, kimya və fizika  fənnindən əldə etdikləri biliklər əsasında apardıqları reaksiyalar və təcrübələr, idmanın müxtəlif növlərinindən əldə edilən uğurlar iştirakçılara  nümayiş olunmuşdur.

Suraxanı rayonu, 84 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Röya İslamova qonaqları salamlayaraq bildirdi ki, Bakı şəhəri üzrə 5 məktəb, Suraxanı rayonu üzrə yalnız, 84 nömrəli tam orta ümumtəhsil məktəbi layihədə iştirak etməyə layiq görülüb. Bu məqsədlə məktəbin direktoru Röya İslamova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova, biologiya müəllimi Aytəkin Quliyeva, fizika müəllimi Sahilə Süleymanova 26 oktyabr- 13 noyabr 2025-ci il tarixlərində İsraildə təşkil edilmiş “Təhsildə liderlik” təlimlərində iştirak etmişlər.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova çıxış edərək dedi ki, layihənin məqsədi müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyasını təmin etmək, eləcə də təhsildə liderliyin inkişafı və tədris idarəçiliyində yeniliklərin tətbiqi ilə 21-ci əsr məktəb modelini formalaşdırmaqdır.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov və  çıxış edən digər natiqlər təhsil liderliyi və innovativ idarəçilik, mentorluq dəstəyi, STEAM və texniki fənlər üzrə praktiki yönümlü yanaşmaların tətbiqi, digər innovativ məktəblərlə şəbəkələşmə, qarşılıqlı öyrənmə imkanları, layihə çərçivəsində məktəbin brendinin gücləndirilməsi, nümunəvi öyrənmə mərkəzinə çevrilməsi və başqa mövzularda öz təəssüratlarını bölüşdülər.

Təqdimatda komandanın yiyələndiyi bilik və bacarıqlar, təhsildə gözlənilən yeni yanaşmalar,  innovativ məktəb olaraq məktəbin pedaqoji heyətinin  qarşısında duran vəzifələr diqqətə çatdırıldı.