“Suraxanı Oyl Opereyşn Kompani S.A”-də “Ulu Öndər və Yeni Azərbaycan” adlı tədbir keçirilib

“Suraxanı Oyl Opereyşn Kompani S.A”-də “Ulu Öndər və Yeni Azərbaycan” adlı tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə YAP Suraxanı rayon təşkilatı tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı” çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında (“Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi) tədbir keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, məsləhətçisi Nərgiz Çiraqova, “Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin vitse-prezidenti Elvin Ağayev və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, “Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin vitse-prezidenti Elvin Ağayev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda qaldırdığı şanlı üçrəngli Dövlət bayrağımız Müzəffər Ali Baş Komandan tərəfindən məğrurluqla və qürurla bütün işğaldan azad olunan torpaqlarda dalğalandırılır. Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolunun sirri xalq hakimiyyət birliyindən, onların üzvi şəkildə bir yumruq ətrafında birləşməsindən, milli maraqların bütün maraqlardan üstün tutulmasından ibarətdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək dedi ki, belə bir deyim var ki, yoxluğu hiss olunmayan kəsin varlığı cəmiyyət üçün bir yükdür. Əlbəttə, heç birimiz Ulu Öndər Heydər Əliyev ola bilmərik. Amma ən azından hər birimiz Vətənə, dövlətə, millətə, xalqa yararlı bir vətəndaş kimi fəaliyyət göstərərək Ümummilli Liderin Azərbaycançılıq və Yeni Azərbaycan məfkurəsinə, Prezident cənab İlham Əliyevin ölkəmiz üçün həyata keçirdiyi ölçüyəgəlməz fəaliyyətinə, Şəhidlərimizin Vətən uğrunda qurban verdikləri canlarına, qazilərin axıtdıqlarına qanlarına layiq olmalıyıq. Bu yolda hər bir əqidə yoldaşımıza uğurlar arzu edirik.
Partiya fəalları öz çıxışlarında vurğulayıblar ki, Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətli xidmət nümunəsidir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz Ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu göstərir.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.