Sülh müqaviləsinin imzalanması üçün Gürcüstan olduqca uğurlu seçimdir

Sülh müqaviləsinin imzalanması üçün Gürcüstan olduqca uğurlu seçimdir

Sevinc Hacızadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də qonşu ölkəyə etdiyi işgüzar səfər bir çox parametrlər baxımından çox uğurlu idi. Hər şeydən öncə bu səfər Azərbaycanla Gürcüstan  arasında daşınma və loqistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini, hər iki ölkənin tranzit potensiallarının əhəmiyyətli dərəcədə artacağını və elə bununla da Avrasiyanın təkcə enerji deyil, nəqliyyat təhlükəsizliyində əvvəlkindən qat-qat böyük rol oynayacaqlarını ortaya qoydu. İlham Əliyevin açıqlamalarından da o da  bəlli oldu ki, Azərbaycan yükdaşımaların daha keyfiyyətli və daha təhlükəsiz olması üçün qonşu dövlətin ərazisində  səhmdar qismində çıxış etməkdə israrlıdır. Bununla da Azərbaycan qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhvəsini vermiş olur.  Yəni, Gürcüstan bizim karbohidrogen ehtiyatlarmızın  tranzit gəlirlərindən pay aldığı kimi, Azərbaycan da Gürcüstanın  coğrafi mevqeyindən eyni məqsədlə  faydalanır. Şübhəsiz ki, belə əməkdaşlığın özü həm də bu dövlətlərin geosiyasi çəkilərini də artırmış olur. İlham Əliyevin açıqlamaları fonunda ortaya çıxan həqiqət bundan ibarətdir ki, Azərbaycan regional problemlərin həlli və ümumi regional inteqrasiyanın inkişafı kontekstində bölgənin lideri olaraq tam müstəqil şəkildə öz sözünü deyir. Bu addım həm də Ermənistana növbəti  bir çağırışdır.  İlham Əliyev öz siyasi gedişləriylə Ermənistana və eləcə də onun havadarlarına anlatmaq istəyir ki, bölgədə olan bütün növ problemlərin həlli istiqamətində biz ikitərəfli, üçtərəfli əməkdaşlığa hazırıq. Məhz belə əməkdaşlığın sayəsində də problemləri əlavə qüvvələrin iştirakı olmadan həll edə bilmək qüdrətindəyik.  

Sülh anlaşmasının imzalanmalı  olduğu yer kimi niyə məhz Gürcüstana üstünlük verilməsinin səbəbi də siyasi baxımdan çoxşaxəli olduğu kimi coğrafi və tarixi faktorlar baxımından da düşündürücüdür. Strateji hədəflər kontekstində İlham Əliyevin atdığı addımlar indiyə qədər uğurla davam edib və bu mənada atılan növbəti addımlar da heç şübhəsiz ki, gələcək strategiyaya hesablanıb. Üstəlik baş nazir  Qaribaşvilinin “mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik" açıqlaması strateji hədəfə doğru gedən yolda qazanılan uğurlardandır.

Gürcüstan səfərinə geostrateji məkanda marağı olan dövlətlərin baxış prizmasından yanaşsaq İlham Əliyevin seçimi həm Rusiya, həm də Amerika  faktoru baxımından ən optimal variantdır. Coğrafi məkan olaraq sülh sazişi üçün Gürcüstanın seçilməsi qlobal güclərin qıcıq nöqtələrini tam zərərsizləşdirir. Belə bir görüşün hansısa Avropa ölkəsində keçirilməsi Rusiyanı, yaxud, həmin görüşün Rusiyada keçirilməsi Avropa və Amerikanı qıcıqlandıracaqdı. Bu baxımdan İlham Əliyevin Gürcüstan faktoru üzərində dayanması və sülh çağırışları etməsi onun uzaqgörən siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Məhz bu seçimlə  Azərbaycan tərəfləri fakt qarşısında qoyur, onların  hansısa  irad bildirmələri üçün  arqumentləri qalmır. Eyni zamanda İlham Əliyev bu seçimiylə Cənubi Qafqazın lider dövləti olaraq bölgədəki problemlərin həlli istiqamətində öz vasitəçilik missiyasını qeyri-adekvat olaraq ortaya qoymaq istəyən Fransa timsallı dövlətlərin pozucu fəaliyyətinin qarşısını almaqla həm də Ermənistana bölgədaxili inteqrasiyada manevr etmək imkanı verir.