Strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional sülh

Strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional sülh

Elnur Hüseynov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat da bunu bir daha təsdiqlədi. Görüş zamanı siyasi dialoqun dərinləşdirilməsi, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji və regional sülh məsələləri geniş müzakirə olundu. Bəyanatda vurğulanan məqamlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq təkcə iqtisadi deyil, həm də strateji və geosiyasi əhəmiyyət daşıyan yeni mərhələyə daxil olub.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə yaranmış yeni dinamikanın bariz nümunəsidir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfərləri tərəflər arasında qarşılıqlı etimadın və siyasi dialoqun daha da möhkəmləndiyini nümayiş etdirir.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə xüsusi önəm verir və hər iki tərəf əməkdaşlığın genişləndirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Görüşlər zamanı iqtisadi əməkdaşlıqdan tutmuş regional təhlükəsizliyə qədər geniş gündəlik ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr artıq strateji xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas ticarət tərəfdaşı olaraq qalır və regionun Avropa ilə ticarət dövriyyəsinin böyük hissəsini təmin edir. Bu göstəricilər Azərbaycanın Avropa iqtisadi məkanında artan rolunu və etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.

Enerji sahəsində əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri olub. Xatırladılıb ki, dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığını yeni səviyyəyə yüksəldib. Həmin dövrdən etibarən Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Prezident İlham Əliyev enerji təhlükəsizliyinin müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayaraq bildirdi ki, Azərbaycanın həyata keçirdiyi uzunmüddətli enerji siyasəti, infrastruktur layihələrinə yatırdığı böyük investisiyalar və diplomatik səylər bu sahədə mühüm nəticələr verib. Xüsusilə 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün Azərbaycanın enerji resurslarını Avropa bazarına çatdıran əsas magistral kimi strateji əhəmiyyət daşıyır və Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən biri hesab olunur.

Son illərin dinamikası göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı tərəfdaşlıq sadəcə qısamüddətli maraqlara deyil, uzunmüddətli strateji hədəflərə əsaslanır. Bakıda keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər tərəflər arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Azərbaycanın həm enerji təhlükəsizliyində, həm də regional nəqliyyat dəhlizlərində artan rolu onu Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirir. Bu yeni mərhələ hər iki tərəfin rifahına, sabitliyinə və qlobal çağırışlara qarşı birgə fəaliyyətinə xidmət edəcək.